Əfsanəvi hollandiyalı futbolçu İspaniyaya meydan oxudu
8 İyun 2012 13:27 İdman"İspaniya millisindən qisas alacağıq". Hollandiya futbolunun canlı əfsanəsi Edvin Van der Sar "Avro-2012" haqda fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, "Goal.com"a danışan 41 yaşlı qapıçı Hollandiya millisinin İspaniyadan qisas alacağını bildirib: "Təbii ki, Avropa çempionatının əsas favoriti İspaniyadır. Onlar çox güclü heyətə malikdirlər. Almaniya millisi də çox çətin rəqibdir. Hollandiya yığması isə son illər yüksəlişdədir. İnanıram ki, "Avro-2012"də İspaniyadan dünya çempionatının finalındakı məğlubiyyətin qisasını alacağıq. Təəssüf ki, bu dəfə də çox çətin qrupa düşmüşük. Ötən turnirdə əla oyunla qrup mərhələsini ilk pillədə başa vurmuşduq. Ümid edirəm ki, bu dəfə də belə olacaq". Qeyd edək ki, 1994-2008-ci illər ərzində Hollandiya millisinin şərəfini qoruyan Van der Sar bu komandanın heyətində 130 oyun keçirib.