Olimpiadaya daha bir lisenziya əlavə olundu

Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri başa çatıb. Boks Federasiyasının mətbuat katibliyindən Siasport.az idman portalına verilən xəbərə görə, turnirin son günündə güləşçilərimiz London Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Bununla da, güləşçilərimizin qazandığı lisenziyaların sayı 10-a çatıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç Fransa, Türkiyə və Finlandiya güləşçiləri üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Bununla da o, güləş yığmamıza 10-cu Olimpiya lisenziyasını qazandırıb. Finalda Yunanıstandan olan Mariya Prevolaraki ilə gərgin keçən görüşdə də qalib gələn güləşçimiz turniri çempion kimi tamamlayıb. 96 kq çəkidə yunan-Roma güləşçimiz Şalva Qadabadze də Olimpiya lisenziyasını qazana bilərdi. Ancaq təmsilçimiz bu dəfə şansı əldən verib. Ardıcıl olaraq Çernoqoriya və İtaliya güləşçiləri üzərində qələbə qazanan Şalva yarımfinalda - lisenziyanın bir addımlığında büdrəyib. Ancaq pəhləvanımız bürünc medal uğrunda görüşdə litvalı rəqibindən üstün olaraq turniri üçüncü sırada tamamlayıb. 72 kq çəki dərəcəsində qadın güləşçimiz Dina İvanova da lisenziyaya yaxın olub. Ancaq o da lisenziyanın bir addımlığında büdrəyib. 63 kq çəkidə İrina Netreba və 120 kq çəkidə Maksim Proxorov isə ilk görüşdən mübarizəni dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31