“Qaraçala” futbol klubu Avropa məkanında

ATXƏM-in təsis etdiyi komanda avroyarışlarda da ölkəmzi layiqincə təmsil edəcək

Son illər dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğının artması ölkəmizin  bu sahədə yeni-yeni nailiyyətlər əldə etməsinə yol açır. Müxtəlif beynəlxalq yarış və çempionatlarda, dünya kuboklarında idmançılarımızın əldə etdiyi uğurlar nəticəsində ölkəmizin adı zirvələrə qalxır, Azərbaycan bayrağı yüksəklərə ucalır. Təkcə son ayların statistik göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan idmançıları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını öz əmələrində doğruldur, ölkəmizə medallar qazandırırlar. Sevindrici haldır ki, əksər idman növləri kimi artıq futbol idman növündə də müəyyən uğurlar əldə edilir. Xüsusilə bu sırada yeniyetmə və həvəskar futbolçularımızın göstərdiyi nailiyyətlər yüksək qiymətləndirilməlidir. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təsis etdiyi "Qaraçala" futbol komandası da zaman-zaman qazandığı qələbələrlə bu prosesi irəli aparır və futbol idman növünün inkişafına zəmin yaradır. Adı çəkilən futbol komandasının bu günlərdə əldə etdiyi nailiyyəti də buna örnək göstərmək olar. Məlum olduğu kimi mayın 28-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təsis etdiyi "Qaraçala" futbol komandası Respublika günündə bütün idmansevərlərə əsil ikiqat bayram yaşatdı.

Belə ki, "Qaraçala" futbol klubu mayın 28-də AFFA-nın Həvəskar Futbol Federasiyasının "Dalğa Arena" stadionunda təşkil etdiyi həvəskarlar arasında XIV ölkə birinciliyi final oyununda öz gücünü bir daha ortaya qoyaraq ona göstərilən etimadı doğrultmağa çalışdı və buna nail oldu. Final oyununda Bakının "Çevik" futbol klubu ilə qarşılaşan "Qaraçala" futbol komandası. 90 dəqiqə ərzində gərgin şəraitdə keçən yarışda 1:2 hesabı ilə qələbə qazanaraq Azərbaycanı Avropada təmsil etmək hüququ əldə etdi. Daha dəqiq desək  bu qələbə ilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin "Qaraçala" futbol komandası həvəskarlar arasında finala çıxaraq, Avropa məkanında mübarizə aparmaq şansı qazandı. Eyni zamanda "Qaraçala" futbol komandası bu qələbə ilə prezident İlham Əliyev tərəfindən elan edilmiş "İdman ili"nə öz töhfəsini vermiş oldu.
Komandanın əldə etdiyi bu qalibiyyət ölkə əhalisi ilə yanaşı salyanlıları daha çox sevindirib. Elə bu səbəbdəndir ki, komandanın qələbəsi münasibətilə iyunun 2-də Salyan rayonunda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Salyan rayon İcra Hakimiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Qaraçala qəsəbəsində keçiriləcək tədbirlərdə komanda mükafatlandırılacaq.  Həmçinin tədbirlər çərçivəsində "Neftçi" futbol veteranları ilə region futbol veteranlarının yoldaşlıq oyunu da keçiriləcək.  
Qeyd edək ki, ATXƏM-in təsis etdiyi "Qaraçala" futbol klubunun prezidenti adı çəkilən mərkəzin sədri İlham İsmayılov, komandanın inzibatçısı isə Nazim İsmayılovdur. Komandanın Ümid Paşayev, Maarif Cabbarov, Mahir Cabbarov, Qulam Şəbiyev, Nazim Mustafayev, Namiq Mikayılov, Nicat Şəbiyev, Səxavət Hacıyev, Nemət Abdullayev, Tural Salmanzadə, Rafiq Şəbiyev, Ziyad .Şahgəldiyev, Xətai Bağırov, Elvin Bəşirov, Kənan Kərimov və Faiq Feyziyevdən ibarət heyəti bu ilin oktyabr ayında Avropada həvəskar liqasında mübarizə aparmaq üçün baş məşqçi Namiq Bəşirovun rəhbərliyi altında artıq hazırlıqlara başlayıb.

Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31