"Neftçi"nin ÇL-dəki bütün potensial rəqibləri məlum oldu
24 May 2012 13:39 İdmanFutbol üzrə Azərbaycan çempionatının ən güclü komandası adını qazanan "Neftçi"nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqiblərindən daha birinin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, Bolqarıstan çempionatının qalibi adını qazanan "Ludogorets"di.
Bu komanda ötən gün CSKA ilə ev oyununda 1:0 hesabıyla qələbə qazanmağa nail olmaqla tarixinin ən böyük uğuruna imza atıb. Belə ki, son tura qədər CSKA lider idi. Lakin "Ludogorets" cəmi iki xal geri qaldığı Sofiya klubu ilə doğma meydanda baş tutan qarşılaşmada qələbə qazanmaqla böyük sürprizə imza atıb. Çünki hamı məhz Sofiya klubunun çempionluğunu gözləyir. Qeyd edək ki, elitada cəmi ikinci mövsümünü keçirən "Ludogorets" ilk dəfə Bolqarıstanın ən güclüsü olub və Çempionlar Liqasında çıxış etmək imkanı qazanıb. Bu komanda cari mövsümdə Bolqarıstan kubokuna da sahib çıxmağı bacarıb.
Beləliklə, "Ludogorets" də Azərbaycan çempionunun ÇL-dəki potensial rəqibləri siyahısına daxil olub. Bununla da "Neftçi"nin bütün potensial rəqiblərinin siyahısı dəqiqləşib. "Ağ-qaralar"ın potensial rəqiblərinin siyahısı isə aşağıdakı kimidir:Basel (İsveçrə), İroni Kiryat Shmona (İsrail), Slovan (Çexiya), Red Bull Salzburg (Avstriya), AEL Limassol (Kipr), Dinamo (Zaqreb, Xorvatiya), BATE (Belarus), Slask (Polşa), Zilina (Slovakiya), Molde (Norveç), Partizan (Serbiya), Helsingborg (İsveç), Şerif (Moldova), Zeljeznicar (Bosniya və Herseqovina), HJK (Finlandiya), Shamrock Rovers (İrlandiya), Ludogorets (Bolqarıstan).