Akif İsmayılov: “Qalatasaray” – “Fənərbağça” matçını stadionumuzda keçirmək olar”
23 May 2012 13:53 İdmanTofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov "Qalatasaray" və "Fənərbağça" klubları arasında Türkiyə Super Kuboku uğrunda qarşılaşmanın Bakıda keçirilməsinin mümkünlüyünə dair iddialara münasibət bildirib. İsmayılov Lent.az-a açıqlamasında mərkəzi arenanın belə bir yüksək səviyyəli oyuna hazır olduğunu söyləyib.Onun sözlərinə görə, hazırda təmir işləri aparılan stadion iyulun 15-dək istifadəyə verilməlidir: "Əgər Türkiyə Superkuboku matçı həmin tarixdən sonra olsa və müvafiq qurumlar qərar qəbul etsələr, stadionumuz bu oyunu keçirməyə hazırdır. Sentyabrın 22-də 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasimi və ilk oyun bizim arenada baş tutacaq. Həmin oyunadək ən azı bir matçın stadionumuzda keçirilməsini istərdim".Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda qarşılaşmanın Bakıda keçirilməsinin mümkünlüyünə dair xəbəri "Habertürk" yayıb. Hazırda Bakıda böyük azarkeş kütləsinə malik iki komandanın oyununu qəbul etməyə qadir olan yeganə arena məhz Tofiq Bəhramov adına Respublika stadionudur.