3 baş məşqçi ilə 9-cu yer turan komandamız

2005-ci ilin yayında əsası qoyulan "Simurq" Peşəkar Futbol Klubu bu mövsüm 6-cı dəfə Premyer Liqada çıxış edirdi. Azerisport.az xəbər verir ki, mövsümə iddialı başlayan Zaqatala təmsilçisinin qarşısına yeni təyin olunmuş klub rəhbərliyi turnir cədvəlində ilk "altılığ"a düşmək tapşırığını qoymuşdu.
Komandanın başına isə Sergey Yuran kimi təcrübəli mütəxəssis gətirilmişdi. Lakin hər şey gözlənilən kimi davam etmədi. İkinci dövrədə uğursuz oyunlar seriyasından sonra rusiyalı mütəxəssiz istefaya göndərildi və onun yerinə Georgi Çixradze dəvət olundu. Gürcü məşqçi komandanın təhlükəli zonadan uzaqlaşmasında böyük pay sahibi oldu və "Simurq" 2011/12 mövsümünü 9-cu pillədə başa vurdu.

Sergey Yuran - İqor Qetman - Georgi Çixradze

Sergey Yuran "Simurq"un tarixində Anatoli Piskovets, Viktor Pişev, Roman Pokora və Çokiça Hadziyevskidən sonra komandaya təyin olunmuş 5-ci baş məşqçi idi. O, həmçinin Azərbaycan Premyer Liqasında çalışan ilk rus mütəxəssis kimi də tarixə düşdü.Sergey Yuranın başçılığı altında "Simurq" 22 Premyer Liqa oyununda və 1 kubok matçında meydana çıxdı. Azərbaycan kubokuna 1/8 final mərhələsində qoşulan komanda "Neftçi"yə 1:0 hesabı ilə məğlub olaraq yarışdan kənar qaldı. 22 Premyer Liqa matçının 5-də qələbə qazanan "Simurq", 4-də heç-heçə, 11-də isə meydandan məğlubiyyətlə ayrıldı. Bu oyunlarda 18 qol vuran "sarı-qaralar", 31 dəfə isə topu qapısından çıxarmalı oldu.
Ardıcıl 5 məğlubiyyətdən sonra Sergey Yuran istefaya göndərildi və Zaqatala təmsilçisi müvəqqəti olaraq köməkçi məşqçi İqor Qetmana tapşırıldı. Onun rəhbərliyi ilə komanda cəmi 2 oyunda meydana çıxdı. Səfərdə "Qarabağ"ı məğlub edə bilməyən "Simurq" ikinçi "altılıq"da mübarizəyə başladı və evdə final mərhələsinin birinçi qarşılaşmasında "Kəpəz"lə 1:1 hesablı heç-heçə edərək 2012-ci ildə ilk xalını qazandı.
Təhlükəli zonaya yaxınlaşan "Simurq"a yeni baş məşqçi - Georgi Çixradze təyin olundu. Buna qədər Bakının "İnter" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən gürcü mütəxəssisin rəhbərliyi altında komanda 9 oyunda rəqibləri ilə mübarizə apardı və bu qarşılaşmaların yalnız birində - AZAL-a məğlub oldu. Qalan səkkiz oyunda "sarı-qaralar" 3 qələbə və 5 heç-heçə sayəsində hesabına 14 xal əlavə edərək çempionatı 9-cu yerdə başa vurdu. Çixradzenin rəhbərliyi altında "Simurq" 8 qol vurub, 6 dəfə isə qapısından top buraxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31