Gəncə cüdoçuları qısa müddət ərzində respublika səviyyəli 3 turnirdə iştirak ediblər
18 May 2012 11:43 İdmanBu yarışlarda 1 saylı Uşaq Gənclər İdman Məktəbinin idmançıları qüvvələrini sınayıblar.Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, məktəbin cüdo bölməsinin məşqçisi Xanəhməd Rzazadənin yetirmələri turnirlərə qatılıblar və onların hər 3 birincilikdə çıxışı olduqca uğurlu alınıb. İlk belə yarış may ayının əvvəlində Bakıda baş tutub. Ölkə paytaxtında reallaşan birincilikdə yeniyetmələrin qazancı 7 medal olub. Murad Cavadovla Bəhruz Musayev turnirin baş mükafatını əldə edib. Anar Əliyev, Ayaz Əlizadə gümüş, Turan Bayramov, Cavid Cavadov, Məhəmmədəli Quliyev bürünc medallara layiq görülüblər.Bakı yarışından sonra 1 saylı UGİM-in cüdoçuları Mingəçevirdə keçirilən turnirdə bacarıqlarını göstəriblər. Demək olar, eyni heyətlə mübarizəyə qatılan idmançılardan Elcan Abbasov fəxri kürsünün ilk pilləsinə qalxıb. Daha 3 idmançı - Turan Bayramov, Röyal Rüstəmov və Məhəmmədəli Quliyev yarışda 3-cü yeri tutub.Gəncədə düzənlənən sonuncu yarışda isə cüdoçular 5 medala yiyələniblər. Ramiz Məmmədov və Məhəmmədəli Quliyev mübarizə apardıqları çəki dərəcələrində bütün rəqiblərinə qalib gəliblər. Turan Bayramov, Yunis Cəfərov və Elvin Hüseynov yarışı bürünc medalla başa vurublar.İdmançıların məşqçisi Xanəhməd Rzazadə yetirmələrinin çıxışından razı qalıb. 1 saylı Uşaq Gənclər İdman Məktəbinin cüdoçuları qarşıdakı günlərdə daha bir neçə yarışda mübarizə aparacaqlar.