Güləşçilərimiz Avropa Millətlər Kubokunda yarışacaq

9-11 noyabr tarixlərində Moskva şəhərində "Avropa Millətlər Kuboku" yarışları keçiriləcək. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a verilən məlumata görə, reqlamentə əsasən, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında komanda hesabında 1-ci 6-cı yerləri tutan ölkələr iştirak edə bilər. Qadın güləşçilərin yarışında ölkəmizi böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Patimat Baqomedova, Anjela Doroqan, Yarina Dubovska, Yuliya Ratkeviç, Anna Belyayeyva, Natalya Palamarçuk  və Dina İvanova  təmsil edəcək. Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda böyük məşqçi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında iştirak edəcək. Yarışın proqramına əsasən, noyabrın 9-da qadın güləşçilər, noyabrın 10-11-də isə sərbəst və yunan-Roma güləşi üzrə komandalar mübarizə aparacaq. Qadın güləşçilərin yarışında Azərbaycan güləşçiləri Rusiya, İsveçrə, Ukrayna, Polşa və Rumıniya təmsilçiləri ilə qurşaq tutacaq. Yunan-Roma güləşi üzrə yarışlarda isə, Azərbaycanın rəqibləri Rusiya, Bolqarıstan, Macarıstan, Ukrayna və Ermənistan komandaları olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31