Azərbaycan London Olimpiadasına daha bir lisenziya qazandı
Boksçumuz Məhəmməd Əbdülhəmidov olimpiya lisenziyalarımızın sayını 32-yə çatdırdı
19 Aprel 2012 13:05 İdmanAzərbaycan London Olimpiadasına 32-ci olimpiya lisenziyasını qazanıb. Onun sahibi Türkiyənin Trabzon şəhərində Avropa Olimpiya lisenziyası turnirinin dörddə bir final döyüşündə qələbə qazanmış Məhəmməd Əbdülhəmidovdur (56kq). Boksçumuzun rəqibi 2010-cu ilin Avropa çempionu, Almaniya bayrağı altında çıxış etmiş Denis Makarov olub. Görüş 13:4 (4:2, 4:1, 5:1) hesabı ilə Azərbaycan idmançısının xeyrinə başa çatıb.
Bu, Azərbaycan boksçularının əldə etdikləri altıncı olimpiya lisenziyasıdır.Ümumiyyətlə, bu günədək Azərbaycan olimpiyaçılarının aktivində 11 növdə 33 idmançı tərəfindən qazanılmış 32 olimpiya lisenziyası var.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov idmançılarımızın altıncı lisenziyanı əldə etmələrindən və ümumiyyətlə komandanın bu turnirdəki iştirakından razı qaldığını bildirib. O deyib ki, bu M. Əbdülhəmidov üçün çox vacib döyüş idi və o, layiqli qələbə qazanıb: "Əlbəttə ki, idmançılarımızın hamısı lisenziya qazana bilmədilər. Amma nəzərə almalıyıq ki, bu çox çətin turnir idi, bütün ölkələr bu sonuncu imkandan istifadə edərək olimpiadaya lisenziya qazanmaq istəyirdilər. Bununla belə bizim hələ bir şansımız da var. Ümid edirik ki, Vətən Hüseynli də Londona lisenziya qazanacaq".
İdmançılarımızın London Olimpiadasına hazırlığına toxunan K. Heydərov deyib ki, olimpiadaya üç aya yaxın vaxt qalıb. İdmançılarımız Londonda qələbə qazanmaq üçün həm fiziki, həm də idman texnikası baxımından öz üzərlərində daha çox çalışmalıdırlar.