Soçi Qış Olimpiya Oyunlarında terror planının üstü açıldı

Rusiya və abxaz xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində silah və partlayıcı maddələr ələ keçirilib

Rusiya Federal Təhlükəsizlik Xidməti və qondarma Abxaziya respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları silah-sürsat və partlayıcı maddələrin Rusiyanın Soçi şəhərinəə aparılması cəhdinin qarşısını alıb və terror planının üstünü açıblar. Belə ki, qondarma Abxaziya respublikasında rus və abxaz xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində terror aktlarında istifadə olunması planlaşdırılan külli miqdarda silah-sürsat ələ keçirilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı Milli Anti-terror Komitəsinin (MAK) mətbuat katibi Nikolay Sentsov bildirib ki, 10 silah anbarında ələ keçirilən silah və partlayıcı maddələr Rusiyanın Qara dəniz sahillərindəki Soçi şəhərində 2014-cü ildə keçiriləcək Qış Olimpiya Oyunları zamanı törədiləcək terror aktında istifadə olunmalı imiş. Döyüşçülər 2012-2014-cü illər ərzində Soçiyə silah-sürsat ehtiyatı daşımağı planlaşdırırmışlar.
Nikolay Sentsov həmçinin əməliyyat zamanı "Abxaziya Əmirliyi" qruplaşmasının lideri Rustan Qitsba da daxil olmaqla, 3 nəfərin həbs edildiyini bildirib.
MAK-ın Rusiya xüsusi xidmət orqanlarına istinadən verdiyi məlumata görə, partlayıcı qurğuları işə salma təchizatının təmin edilməsində Gürcüstan xüsusi xidmət orqanlarının əli ola bilər. Terror aktları üçün silah-sürsatın çatdırılmasını isə "İmarat Kafkaz" terror təşkilatının lideri Doku Umarovun təşkil etdiyi iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31