Azad Rəhimov: “Son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard dollardan artıq vəsait yatırıb”

"Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna yatırdığı 1 milyarda yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020 Yay Olimpiya oyunları mübarizəsində gözlənilməz dönüşlərə baxmayaraq, öz mövqeyini gücləndirir". Gənclər və İdman Nazirliyindən "Azadinform"a verilən məlumata görə, bunları nazir Azad Rəhimov Yunanıstana səfəri zamanı xarici mətbuata müsahibəsində bildirib.O qeyd edib ki, Azərbaycanın günbəgün mübarizəsi daha yaxşıya doğru dəyişir. "Biz öz namizədliyimizə güvənirik və bu prosesdə iştirakımızın vacibliyinin artmasını görürük" - deyə A.Rəhimov vurğulayıb. Nazir bildirir ki, son 10 ildə Azərbaycan idmanın inkişafına 1 milyard  dollardan artıq vəsait yatırıb və böyük enerji resurslarının hesabına məhz elə həmin müddət ərzində ölkə iqtisadiyyatı 900 faiz artıb. "İnsanlar Bakı haqqında fikirlərini və Bakıya olan münasibətlərini artıq dəyişiblər. Bakını və ölkəmizi dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Ümid edirik ki, 2013-cü il Buenos-Ayres toplantısına qədər mübarizədə qala biləcəyik. 2016-cı ildə Cənubi Amerika qitəsində ilk Olimpiya Oyunlarının  Rio de Janeyro şəhərinin qismətinə düşdüyü kimi, biz də ümid edirik ki, müsəlman ölkələri arasında ilk Olimpiya Oyunları Bakının qismətinə düşəcək. Düşünürəm ki, Olimpiya oyunları daim yeni regionlarda keçirilməlidir. Elə buna görə Rionun qələbəsinə çox sevindim" - deyə nazir əlavə edib.
Bu ayın sonu Beynəlxalq Olimpiya Komitəsi növbəti mərhələyə keçəcək şəhərlərin adlarını açıqlayacaq. Bakının Tokio, İstanbul, Doha, Madrid kimi rəqibləri var. 2013-cü ildə Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsi qalib şəhərin adını elan edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31