Rumıniyada “Heydər Əliyev kuboku” uğrunda futbol turniri keçirilib
10 May 2012 18:33 İdmanRumıniyada "Heydər Əliyev kuboku" uğrunda futbol turniri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, "Odlar Yurdu" diaspor qurumunun təşkilatçılığı və ARDNŞ-nin Rumıniya nümayəndəliyinin dəstəyi ilə baş tutan futbol turnirində 8 komanda iştirak edib. Rəsmi açılış mərasimində "Odlar Yurdu" təşkilatının sədri İlham Nağıyev belə turnirin əvvəlki illərdə də Avropanın müxtəlif ölkələrində keçirildiyini bildirib. ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov ümummilli lider Heydər Əliyevin Azərbaycan-Rumıniya münasibətlərinin formalaşması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən danışıb. Qonaqlar belə yarışların Rumıniyada təhsil alan azərbaycanlı tələbələrlə digər gənclər arasında münasibətlərin gücləndirilməsi və onlarda Azərbaycanla bağlı ətraflı biliyin formalaşmasında mühüm əhəmiyyət daşıyacağını bildiriblər. Turnirin sonunda qalib komandalar müxtəlif hədiyyələr, fəxri fərmanlar, medallar və kubokla təltif olunublar. Digər komandaların oyunçularına da "Odlar Yurdu" təşkilatı və Neft Şirkətinin Rumıniya nümayəndəliyi tərəfindən hazırlanan Azərbaycanla bağlı əyani vəsaitlər təqdim olunub.