İspaniya yığmasında daha bir şok itki!
8 May 2012 18:19 İdmanİspaniya milli komandasının və "Barselona" klubunun futbolçusu Karles Puyol 2012-ci il Avropa çempionatında iştirak etməyəcək.
Lent.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi dizindən əməliyyat olunduqdan sonra bərpa prosesi keçəcək.
Puyol İspaniya çempionatının 37-ci turunda "Barsa"nın "Espanyol" üzərində 4:0 hesablı qələbəsindən sonra özünü narahat hiss edib. Tibbi müayinə göstərib ki, təcrübəli futbolçu oynaqlarından əməliyyat olunmalıdır. Əməliyyat mayın 13-də baş tutacaq, Puyolun bərpasına isə 1,5 ay lazım gələcək.
Qeyd edək ki, İspaniya millisi Avropa çempionu titulunun müdafiəsinə iyunun 10-da İtaliya ilə oyunla başlayacaq. Qrup mərhələsində baş məşqçi Visente Del Boskenin komandasını İrlandiya və Xorvatiya ilə görüşlər də gözləyir. "Barselona"nın kapitanı hələ 2010-cu il dünya çempionatından sonra yığma karyerasını bitirmək istəyirdi. Lakin baş məşqçi ilə danışıqlar nəticəsində o millidə qalmağı qərara alıb. Avropa çempionatını "Barsa"nın daha bir oyunçusu David Vilya da buraxa bilər. 31 yaşlı hücumçu 2011-ci ilin dekabrında ağır zədə alıb və hələ də meydana çıxa bilmir.