Dünyanın ən güclü 4 komandası: finala kim çıxacaq?
9 Oktyabr 2012 12:15 İdmanBu gün 17 yaşadək qızlar arasında dünya çempionatında yarımfinal oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçirilən mundialın finalı ərəfəsindəki son addımlar 8-ci km qəsəbə stadionunda atılacaq.
Əvvəl meydana Fransa və Qana yığmaları çıxacaq. İlk dəfə bu turnirin yarımfinalına yüksələn rəqiblər 1-ci cəhddən həlledici görüşə çıxmağa çalışacaq. Afrika tarixinə bunu bacaran ilk komanda kimi düşən qanalılar son 2 oyunda Qambiya və Nigeriyanı məyus edən avropalılardan bunun qısasını almağa çalışacaqlar.
Digər finalçı isə Almaniya ilə KXDR-in qarşılaşmasında müəyyənləşəcək. Ardıcıl 3-cü dəfə yarımfinala çıxan asiyalılarla 3-cü duelinə çıxacaq almanlar ilk dəfə finala çıxmaq arzusundadırlar. İndiyədək "Köhnə dünya" təmsilçilərinin finala həsrət qaldığını nəzərə alsaq, bu dəfə Avropa finalı ilə ötənlərin əvəzi çıxıla bilər.
17 yaşadək qızlar arasında dünya çempionatı
Yarımfinal
9 oktyabr
17:00. Fransa - Qana
Baş hakim: Kardella Samuels (Yamayka)
Bakı. 8-ci km qəsəbə stadionu
20:00. KXDR - Almaniya
Baş hakim: Klaudiya Umpyerres (Uruqvay)
Bakı. 8-ci km qəsəbə stadionu