"Neftçi"in himni mənə məxsusdur"
4 Oktyabr 2012 17:15 İdmanAzərbaycanın görkəmli bəstəkarı Eldar Mansurovun Sportal.az saytına müsahibəsi.
- Bu gün "Neftçi" komandası Avropa Liqasında ən çətin matçına çıxacaq. "İnter"lə görüşdə komandamızdan nə gözləyirsiniz?
- Əlbəttə ki, sevimli komandamızdan ancaq qələbə gözləyə bilərəm. Əvvəla sevinirəm ki, "Neftçi" ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. "Neftçi" həm də öz oyunu ilə Azərbaycanda futbolun necə inkişaf etdiyini bütün Avropaya göstərə bilir. Bu çox fərəhli haldır. Bir şeyi də sizə etiraf edim ki, mən uşaqlıdan "Neftçi"nin azarkeşi olmuşam. Bu klubun hər bir uğuru məni çox sevindirir. Hələ gənc vaxtlarımda "Neftçi"nin oyunlarına baxmağa gedərdim.
- Yəqin ki, bu oyuna canlı baxmaq imkanınız da olacaq....
- Heç şübhəsiz. Onsuz da bu gün hər kəs "Neftçi", "Neftçi" deyə komandamızı qələbəyə səsləyəcəklər. Bildiyimə görə, "Neftçi" - "İnter" oyununa bütün biletlər satılıb. Bu böyük futbol bayramı deməkdir. Qələbə qazanacağımız təqdirdə, ikiqat sevinəcəyik. İnşallah, qələbə bizimlə olar.
- "Neftçi"nin azarkeşi olaraq komandanın son illərdə inkişafını necə dəyərləndirirsiniz?
- "Neftçi", həqiqətən, son vaxtlar çox gözəl təsir bağışlayır. Biz adətən öyrəşmişik Avropa futboluna. İndi bu oyunu "Neftçi"də görmək olar. Ona görə də , əksər Avropa klubları "Neftçi" ilə maraqlanır və ondan çəkinir. Elə "İnter" klubu da "Neftçi"ni bu günkü matçda ciddi rəqib görür. İtaliyanın nəhəng klubunun belə bir fikirdə olması bizə imkan verir ki, komandamız haqqında müsbət fikirlər səsləndirək. "Neftçi" həm də baş məşqçi Böyükağa Hacıyevin zəhməti ilə çox sürətlə irəliyə addımlayır. Bunu da unutmaq lazım deyil. O, Azərbaycanın ən istedadlı məşqçilərindən biridir. Böyükağa müəlllim öz dediyi sözünü yerinə yetirdi və ilkə imza atdı.
- "Neftçi"nin Avropa Liqasının qrup mərhələsində ön pillələrdə olacağına ümid edirsinizmi?
- Əslində, buna hamı ümid edir. Amma digər tərəfdən reallığı da nəzərə almaq lazımdır. "Neftçi"nin rəqibləri çox güclüdür. Komandamızın ilk yerlər üçün mübarizə aparacağını proqnozlaşdırmaq çox çətindir.
- Bəstəkar olaraq hansı idman növlərinə mahnılar həsr etmisiniz?
- Mən bütövlükdə karyeram ərzində xeyli idman mahnıları yazmışam. Gimnastika, Otüstü Hokkey, Cüdo Federasiyalarının, "Azərreyl" voleybol klubunun, "Neftçi" və "Rəvan"ın himnləri mənə məxsusdur. Milli Olimpiya Komitəsinin himnini də mən yazmışam.
- Yenə də yazmaq niyyətiniz varmı?
- Təkliflər olarsa, əlbəttə, yazaram. Amma mən hesab edirəm ki, bu sahədə xeyli iş görmüşəm. Bu da məni çox sevindirir.
- Futbolu sevən adam bir şəxs olaraq Avropada hansı kluba azarkeşlik edirsiniz?
- Avropada ən çox İspaniya çempionatına baxıram və burada "Barselona" və "Real" kimi klubların oyunu mənə çox ləzzət edir. Əsl futbol oynayırlar. Mən bu klubların oyunlarına baxanda dincəlirəm, istirahət edirəm.