Türkiyə çempionatında gözlənılməz istefa
24 Sentyabr 2012 13:02 İdmanFutbol üzrə Türkiyə Super Liqasında çıxış edən "Kasımpaşa" baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi gözlənilmədən Metin Diyadini istefaya göndərib. Qeyd edək ki, bu komanda mövsümə çox yaxşı başlamışdı. Diyadinin rəhbərlik etdiyi "Kasımpaşa" 1 oyunda uduzsa da, digər 3 görüşdə qazandığı qələbə sayəsində lider "Galatasaray"ın əsas izləyicisinə çevrilmişdi. Amma ötən gün bu komanda "Sivasspor"la səfər matçında ikinci məğlubiyyətini aldı - 0:1. Sivas səfərindən dönən kimi rəhbərlik baş məşqçi ilə yollarını ayırdıqları barədə məlumat yaymaqla hamını təəccübləndirib.
Amma rəhbərlik bununla bağlı açıqlamasında onu da bəyan edib ki, istefanın nəticələrlə heç bir əlaqəsi yoxdur. Yəni baş məşqçi ilə klub rəhbərliyinin yollarını ayırmasına tamamilə fərqli məqamlar səbəb olub.
Beləcə, Super Liqanın yeni mövsümündəki ilk baş məşqçi istefası "Kasımpaşa"dan gəldi. İstanbul təmsilçisini bundan sonra kimin çalışdıracağı yaxın günlərdə bəlli olacaq.