Prezident İlham Əliyev FİFA prezidentini qəbul edib
21 Sentyabr 2012 19:40 İdmanPrezident İlham Əliyev sentyabrın 21-də FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzərTAc-ın verdiyi məlumata görə, görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib.
Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulanıb, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.
FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlət başçısına təqdim edib.
Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından FİFA-nın prezidenti Y.Blatterin şərəfinə nahar verilib.