FHN Bakıda yataqxana binasında baş verən yanğınla bağlı ətraflı məlumat yayıb - FOTO
24 Aprel 2023 23:52 HadisəMəlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Olaylar.az xəbər verir ki, FHN-dən bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində taxta konstruksiyalardan ibarət 3 eyvan ümumilikdə təxminən 10m² sahədə, 5-ci mərtəbəsində 2 eyvan ümumilikdə 8m² sahədə və eyvanlardan otaqlara giriş qapı-pəncərələri yanıb. Yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən bina sakinləri operativ olaraq təxliyə edilib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.





