Avtomobilidə sıxılmış vəziyyətdə qalan şəxs belə xilas olundu - VİDEO

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ-2107" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin - 1991-ci il təvəllüdlü Qocayev Musa Şahin oğlu deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31