Xaçmazda yanğının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub - (YENİLƏNİB) FOTO
11 İyul 2022 18:43 HadisəXaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Olaylar.az report-a istinadən xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Xaçmaz rayonunda yanğın nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, nəticədə Xaçmaz şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.
Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.
Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.
Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.
***
Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun Müzəffəroba kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.











