Güney Azərbaycanda Kürdüstan təhlükəsi
Molla rejimi türk torpaqlarında kürd ostanı yaratmaq istəyir
15 Yanvar 2014 13:14 Güneyİranda qeyri-fars millətlərə qarşı təzyiqlər davam edir. Belə ki, bu günlərdə ölkədə məşhur alim kimi tanınan irqçi Həddad Adildən daha bir radikal addım gündəmə gəlib. İran İslam Respublikasının əsas ideoloqlarından sayılan, keçmiş parlament sədri, fars dili və ədəbiyyatı mədəniyyət evinin rəisi Həddad Adil daha bir irqçi hərəkətə yol verib. Məlumata görə, Həddad Adil rəsmilərdən birinə qeyri-fars dilindən istifadə edən məmuru işdən çıxartdığına görə xüsusi təşəkkür edib. O, İranın "Kanal 2" televiziya kanalında çıxışı zamanı da bunu etiraf edib. Bildirib ki, həmin işçi bütün xəbərdarlıqlara baxmayaraq yenə də fars sözü olan "peyamək" yerinə "SMS" sözü işlədirmiş: "İslam dini bizim kimliyimizin mühüm faktorudur. Lakin biz İslamdan başqa daha bir mühüm faktora da malikik. Hansı ki, bizə kimlik bəxş edir. O faktor fars dili və ədəbiyyatıdır.
İran malları və mağazaların tabloları üzərində qeyri-fars sözlərinin yazılması da doğru deyil. Bunun çarəsi odur ki, əhali həmin mağazalardan alış-veriş etməsin. Əgər onlar fars dilinə hörmət etmirlərsə, xalq da onlara hörmət etməsin".
Məlumat üçün qeyd etmək yerinə düşər ki, fars dili və ədəbiyyatı üçün bu qədər çalışan irqçi siyasətçi digər millətlərin dilinə heç bir hörmət etmir. Həddad Adil bir neçə ay öncə keçirilən seçkilərdə prezidentliyə namzədlərdən biri idi. O, təbliğat və təşviqat müddətində azərbaycanlıların ana dili ilə bağlı verilən suallarına olduqca laqeyd yanaşdı və ana dili uğrunda mübarizəni ölkənin ərazi bütövlüyünə təhlükə kimi qələmə verdi. Həddad Adil yazdığı şeirlərin birində isə Təbriz, Buxara, Səmərqənd və s. kimi şəhərləri fars şəhəri kimi təqdim etmişdi. Həmin şeir rejim tərəfindən dərsliyə də salınıb. Lakin Azərbaycan Milli Hərəkatının apardığı mücadilə nəticəsində bir il sonra həmin şeir dərslikdən çıxarılıb. Bu arada Şimali İraqda qurulan qondarma kürd hökumətinə güvənən İranın Qərbi Azərbaycan vilayətinin Mahabad (Soyuqbulaq) şəhərinin İran parlamentindəki kürdəsilli millət vəkili Osman Əhmədinin parlamentdə etdiyi çıxışı da ciddi rezonans doğurub. Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin də yaydığı məlumatda qeyd edilib ki, kürd millət vəkili Azərbaycan torpaqlarını əhatə edən "Şimali Kürdistan" adlı yeni vilayətin yaradılması tələbini irəli sürüb. O, daha 10 vilayətin yaradılıb ölkə vilayətlərinə əlavə edilməsini və Mahabad şəhəri mərkəz olmaqla, "Şimali Kürdistan" vilayətinin yaradılmasını istəyib. Qeyd edək ki, Mahabad Qərbi Azərbaycanda yerləşən bir şəhərdir və onun tarixi adı Soyuqbulaqdır. Təxminən 1946-ci dək Mahabadın adı Soyuqbulaq olub. Mahabadın İran parlamentindəki deputatı Osman Əhmədi deyib ki, Şimali Kürdüstan ostanı yaradılmalı və mərkəzi də Mahabad olmalıdır. Şimali Kürdüstan ostanının nəzərdə tutduğu torpaqlar Qərbi Azərbaycan vilayətinə məxsus torpaqlardır. Hazırda Mahabadın özü də Qərbi Azərbaycan ostanına tabedir.
Bu bir faktdır ki, Qərbi Azərbaycanın kürdləşdirilməsi siyasəti uzun illərdir aparılır. Qərbi Azərbaycanın kürdləşdirilməsi prosesi Azərbaycanla Türkiyə arasına bir kürd zolağı salmaq siyasətidir və İran hakimiyyəti tərəfindən də dəstəklənir. Lakin Azərbaycan artıq dəyişilib və əhali bütün prosesləri dərk edir. Xüsusilə, Qərbi Azərbaycanda milli hərəkat olduqca güclüdür. Artıq Makunun, Urmiyyənin, Xoyun, və Qoşaçayın millət vəkilləri kürdlərə sərt reaksiya verirlər. Bununla yanaşı PKK onların arxasında gündən-günə daha möhkəm dayanır. İran hökuməti də banklar vasitəsilə kredit ayırmaqla onları dəstəkləyir. Məqsəd də odur ki, kürdlər kütləvi şəkildə həmin bölgəyə gəlsinlər. Hazırda Naxçıvanın İranla həmsərhəd bölgələrində də 4-5 kürd şəhərciyinin qurulduğu xəbər verilir. Artıq həmin bölgələrə kürd əhalisi yerləşdirilir. Məqsəd isə ondan ibarətdir ki, ərazi kürdləşdirilsin. Yəni, kürdlər Araza qədər gəlsinlər. Necə ki, vaxtilə Göyçə və Zəngəzur Ermənistana verildi və bunun nəticəsində Ermənistan sərhədləri Araza qədər uzandı. İndi isə kürdlərin Araza qədər məskunlaşmasına çalışılır. Nəticədə Türkiyə ilə Azərbaycanın arası kəsilsin. Eyni zamanda Naxçıvan blokadaya alınsın. Yəni bir tərəf ermənilər, digər tərəf isə kürdlər. İran istəyir ki, Azərbaycan türkləri oradan Kirmana və İranın digər mərkəzi bölgələrinə köçərək farslaşsınlar. Köçən azərbaycanlıların yerinə də kürdlər gəlsin və tarixi türk torpaqları kürdləşdirilsin. Baxmayaraq ki, İran hakimiyyətinin özünün zaman-zaman kürdlərlə problemi olub, ancaq müəyyən məsələlərdə onlar anlaşa bilirlər.
Süleyman İsmayılbəyli