Bir milyon məmurun cəzalandırılmasının pərdəarxası məqamları

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) nəşri Çin Kommunist Partiyasının daxili idarəetmə sistemində baş verən kütləvi təmizləmələr barədə şok statistik məlumatlar və təhlillər dərc edib.

Musavat.com xəbər verir ki, nəşrin əldə etdiyi rəsmi hesabatlara görə, 2025-ci ildə ölkədə rekord sayda - təxminən bir milyona yaxın (dəqiq rəqəmlərlə 983 min) dövlət məmuru və partiya üzvü müxtəlif dərəcəli intizam cəzalarına məruz qalıb. Bu göstərici Çin lideri Si Cinpinin hakimiyyətə gəldiyi ilk dövrlərlə müqayisədə beş dəfədən də çoxdur və ölkə tarixində mütləq rekord hesab olunur.

"The Wall Street Journal" ekspertləri partiyanın ali təftiş orqanı tərəfindən 2013-cü ildən bu yana cəzalandırılan 940-dan çox yüksək rütbəli məmurun ittihamnamələrini dərindən təhlil edərək, Si Cinpinin apardığı təmizləmə əməliyyatlarının mahiyyətinin kəskin şəkildə dəyişdiyini ortaya qoyublar. Əgər əvvəlki illərdə diqqət mərkəzində əsasən korrupsiya, rüşvətxorluq, dövlət əmlakını mənimsəmə və mənəvi aşınma (məsələn, ailə xəyanətləri) kimi iqtisadi-mənəvi cinayətlər dayanırdısa, indi repressiya mexanizmi tamamilə siyasi müstəviyə keçib. İndi məmurlar daha çox "Pekinin ali iradəsinə qarşı çıxmaq", Si Cinpinin birbaşa direktivlərini ləngitmək və ya mərkəzi hakimiyyətin nüfuzunu sarsıda biləcək gizli siyasi qruplaşmalar (fraksiyalar) yaratmaq kimi ağır siyasi xəyanətlərdə ittiham olunurlar.

Nəşr qeyd edir ki, rəsmi ittiham aktları artıq quru hüquqi sənədlərdən çıxaraq, uzun və nəsihətamiz mənəvi ittihamnamələrə çevrilib. Vəzifəsindən kənarlaşdırılan bəzi məmurlar dövləti həddindən artıq borclandırmaqda, bəziləri karbon qazı tullantılarının azaldılması ilə bağlı ekoloji tapşırıqları yerinə yetirməməkdə, bəziləri isə hətta Kommunist Partiyasının rəsmi ateizm xəttinə zidd olaraq xurafata qapılmaqda, falçılara və ekstrasenslərə müraciət etməkdə günahlandırılır. Cəzalandırılan məmurlardan 160-dan çoxu məhz bu cür "mistik fəaliyyətlərə və xurafata maraq göstərdiyi" üçün karyerası ilə birdəfəlik vidalaşmalı olub. Bu kütləvi cəza dalğası ölkədə bürokratik aparatı tam qorxu altında saxlamaqla yanaşı, rəsmi Pekinin məmurlardan mütləq sadiqlik tələb etdiyini nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31