İran bizim olsun. Amma necə?
“Güney Azərbaycanın sabahı” konfransı ətrafında düşüncələr...
1 Aprel 2013 16:50 GüneyÖtən şənbə Cənubi Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə Bakının nüfuzlu otellərindən birində -Park Inn-də "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda konfrans keçirildi. Konfransda ABŞ və Avropadan gəlmiş nümayəndələr, o cümlədən, Gün.Az TV-nin rəhbəri Əhməd Obalı, DAK nümayəndəsi Qulamrza Səbri Təbrizi və başqaları iştirak edirdi. Azərbaycanın millət vəkillərinin, tanınmış nüfuzlu ziyalılarının iştirakı toplantının önəmli olduğundan xəbər verirdi. Dəhlizdə media mənsubları ilə söhbətləşən ziyalılardan biri hətta zarafatla bunu "İranda baş verəcək hadisələrə hazırlıq" kimi dəyərləndirdi. Tədbirin ardından İran dövlətinin Azərbaycan Respublikasına nota verməsi toplantının gerçəkdən də önəmli olduğunu sübut elədi. İran İslam Respublikasının Tehrandakı səfirimizə təqdim etdiyi notada "Bakıda İranın ərazi bütövlüyü əleyhinə fikirlərin səsləndiyi toplantının keçirilməsindən narahatlıq" ifadə olunur. İran tərəfi hesab edir ki, rəsmi Bakı belə bir yığıncağın keçirilməsinə mane olmalıymış. Toplantının Suriyada Bəşər Əsəd rejiminin sona çatdığı, "ərəb baharı"nın yaratdığı proseslərin İrana keçmə ehtimalının artdığı bir dövrə təsadüf etməsi həm dəhlizdə, həm də mətbuatda xüsusi vurğu ilə qeyd olunurdu. Bəlkə də burada müəyyən əlaqə var. Suriyadan sonra proseslərin İrana keçəcəyi bəlli məsələdir, Bəşər Əsəd son günlərini yaşayır və Güney Azərbaycanlı fəallar Amerika və Avropa ölkələrindən Bakıya gələrək belə bir toplantı keçirməklə kimlərəsə mesaj verirlər. İstənilən halda proseslərə bu cür adekvat reaksiya yaxşı haldı.
*** *** ***
Toplantıda bir sıra mənfi və müsbət müşahidələrimiz oldu. "Araz" Tədqiqatlar Mərkəzinin rəhbəri, əsas məruzəçi Araz Aslanlının çıxışını qeyri-kafi qiymətləndirərdim. Fəalliyyəti üçün normal şərait yaradılmış mərkəzin rəhbərinin çıxışı daha sanballı olmalı və proseslərə fundamental yanaşması ilə seçilməli idi. Araz müəllim isə Azərbaycan mətbuatında hər gün yazılan, adi bir siyasi analitikin fikirlərdən irəli sürdüyü tezislərdən uzağa gedə bilmədi. "İran elitası daxilində ziddiyyətlər genişlənir", "İran iqtisadiyyatı çökür", "Rejim əleyhdarları artır" kimi fikirlərlə ictimaiyyətə artıq tanışdır. Onun "İran dövlətinin böhranı" məruzəsində o qədər səhvlər vardı ki, bu xətalar zaldakı qonaqlarda narazılıq doğurdu. Güney Azərbaycan türklərinə zülm edən, onların dilini əlindən alan İrandakı hakim molla rejiminə nifrət başadüşüləndir. Amma düşməni yersiz yerə aşağılamaq, onu gücsüz göstərməyə çalışmaq araşdırma mərkəzinin işi deyil. Araşdırma mərkəzi doğrunu deməli, siyasətçilərə doğru qərar çıxarmaqda yardımçı olmalıdır. "İran bütün qonşu müsəlman dövlətləri ilə münasibətləri gərgindir", "İran iqtisadiyyatı dağılır" kimi fikirlər hər halda o cür mötəbər toplantının baş məruzəsinə yaraşmadı. Professor Nəsib Nəsiblinin sanballı arqumentlərə söykənən çıxışı, yeni təklifləri bir daha göstərdi ki, Bakının, Quzey ziyalıların dəstəyi olmasa, Güney Milli Hərəkatı ciddi uğurlar qazana bilməyəcək. Nəsib Nəsibli Milli Hərəkata şişirtmə olmadan real qiyməti verdi. Güney Milli Hərəkatı milli kimlik, ana dili uğrunda mübarizədir, ciddi təşkilatlanmaya ehtiyac var. Professor hesab edir ki, hərəkatın Bəzz qalası mərhələsi, Traktor mərhələsi ilə əvəz olunub. İran rejimi nə qədər çalışsa da, şüurun oyanması, türk kimliyinin dərk olunması prosesini dayandıra bilməyəcək. Bu prosesdə Quzeyin oynayacağı rolu Yasəmən Qaraqoyunlu dəqiqliklə verə bildi. Onun fikrincə, Güneydəki hazırkı oyanış və milli kimliyin dərk olunması prosesinə Bakı televiziyaları dəstək verməlidr, amma başı şou-biznesə, pul qazanmağa qarışmış TV-lər bunu etmir, bəlkə də etmək istəmir. Hər iki çıxışçının məruzəsində Güneydə türk milli şüuru ilə yetişən gəncliyin savaş istəyi, fars şovinizminə dirənişi ilə bağlı faktların gətirilməsi sevindirici haldır və Güney Azərbaycanın sabahına ümidlə baxmağa əsas verir.
*** *** ***
Konfransda ziddiyyətli fikirlər də səsləndi. AXCP Rəyasət Heyətinin üzvü, milliyyətçi gənclərin adını hörmətlə andığı Atabəy Bahadır (Xaliq Hacıbəyli) "uzun zaman düşünəndən sonra" "Güney Azərbaycan müstəqil olsun, yoxsa İran daxilində federasiya sibyektinə çevrilsin" məsələsində gəldiyi qərarı açıqladı: "İran bizim dövlətdi, biz İrana sahib olmalıyıq". Xaliq bəy hesab edir ki, azərbaycanlılar əsrlər boyu İranın var olması, güclənməsi, qorunmasında mühüm rol oynayıblar, şəhidlər veriblər. Bu baxımdan Güney Azərbaycan sərhədləri ilə yetinmək olmaz, İranı bütövlükdə ələ keçirmək lazımdır. Özlüyündə cəlbedici ideyadır, amma yeni deyil. Bu istiqamətdə ötən əsrin 90-cı illərində BAB-da müzakirələr olur və müxtəlif fikirlər səslənirdi. Bu fikri əsasən GAMOH-çular dəstəkləyirdi. Onlar qeyd edirdilər ki, Güney müstəqil olacaqsa, bəs Tehranda, Həmədanda yaşayan azərbaycanlılar taleyi necə olacaq? Onlar İranda, farsların içərisində qalıb zaman-zaman asimilə olunacaqlar. Çıxış yolu kimi göstərilirdi ki, azərbaycanlılar Güneydə hakimiyyəti ələ alsın, farslarla bərabər hüquqlar əldə etsin. Utopik görünsə də, cəlbecidi ideyadır. Əsrlərlə İran adlanan məmləkəti türk sülalələri idarə edibsə, bu, indi niyə mümkün olmasın? Xaliq bəyin fikirləri hörmətə layiqdir və müzakirə olunmalıdır. Amma bir iş var ki, o, ana müxalifət partiyasını- AXCP-ni təmsil edir və bu fikirləri də partiyanın mövqeyinə uyğundur. AXCP hakimiyyət uğrunda mübarizə aparır və bu mübarizədə hər kəsdən dəstək almağa çalışır, o cümlədən, islamçılardan. Partiya fuknsionerlərinin vaxtaşırı sosial şəbəkələrdə Əli Şəriətindən sitatlar gətirməsi islamçıların könlünü almağa hesablanıb. Xaliq Bahadır da eyni amaca xidmət edirsə, o zaman ideyası zərərlidir. Həm də ki, türk Qacarları hakimiyyətdən salıb farsları iqtidara gətirmiş böyük dövlətlər bölgədə İran boyda dövlətin türkləşməsini qəbul etməzlər. İndilikdə ən düzgün yol Milli Hərəkatın güclənməsi, türklər yaşayan bütün bölgələrə yayılması, güney türklərinin daha güclü təşkilatlarının yaranmasıdır. Güneyi Quzey daxili siyasi mübarizəyə alət etmək də yolverilməzdir! Tehranın Milli Hərəkatın gedişində ələ keçirilməsi ideyası var və müzakirə edilə bilər. Amma bu, sonranın işidir.
Elman Cəfərli