Babək – Vətənin namusunu qoruyan qəhrəman!
Biz muzdur Afşinin, əyyaş Mötəsimin deyil, Babəkin amallarını təbliğ etməliyik
14 Yanvar 2015 17:31 GüneyHəmid Herisçinin ANS-də yayınlanan "Şəxsiyyət vəsiqəsi" layihəsində bu dəfə Babək və xürrəmilər müzakirə olundu. Tamaşaçılar yazıçı, millət vəkili Sabir Rüstəmxanlı, din xadimi Şahin Həsənli, tarixçi Həyat Şamıyeva, yazıçı Şərif Ağayar, jurnalist Taleh Şahsuvarlı və deputat Fazil Mustafanın iştirakı ilə maraqlı müzakirənin şahidi oldular. Verilişdə əsasən bu suallar qoyulmuşdu: Babək qəhrəmandırmı? "Qılınc müsəlmanı" ifadəsi necə yaranıb? Babək və Xürrəmilər hərəkatının Azərbaycan xalqına dəxli varmı? Müzakirədə əksəriyyət Babək və xürrəmiliyin Azərbaycana birbaşa aidiyyatı olduğunu əsaslandırmağa çalışdı. Kimisi tarixçi soyuqqanlığı, kimisi də soydaş təəssübkeşliyi ilə. Etiraf edək ki, Babəkə yanaşmada soydaş təəssübkeşliyi daha çox idi. Yeganə olaraq Fazil Mustafa Babəki və xürrəmiliyi islamın düşməni, İran-fars hadisəsi olaraq təqdim etdi. Başlayaq, Babəkin Azərbaycana aid olub-olmaması fikrinə. 30 ilə yaxın davam edən və mərkəzi Azərbaycan olan hərəkatın Azərbaycan xalqına dəxli olmaması iddiası cəfəngdir! Babək hərəkatı sırf türk, Azərbaycan hadisəsi də deyil. Xürrəmilik ərəb həyat tərzinə, düşüncəsinə, işğalçılıq və qəsbkarlıq niyyətinə qarşı bölgə xalqlarının birgə mübarizəsidir. Bu, bir sosial hərəkat idi. Neçə ki islam dini tək ərəbin dini, o zamankı Abbasi xilafəti tək ərəbin dövləti deyildi, xürrəmilik təlimi də Azərbaycan, İran, Kürdüstan, Loristan xalqlarının ortaq təlimi idi. Xürrəmilər hərəkatı islamın Azərbaycanda və İranda yayılmasından 2 əsr sonra meydana çıxmışdı. Ona görə də bu hərəkat daha çox sosial xarakterli idi, daha çox istismara, yadelli zülmünə qarşı idi. Bu üsyanda müsəlman da, xristian da, atəşpərəst də var idi. Ancaq Xürrəmi hərəkatının əsas nüvəsini atəşpərəstlər təşkil edirdi. Xürrəmilik ayrıca bir təlim idi, islamı inkar edirdi.
"Qılınc müsəlmanı" ifadəsinə gəlincə, bu ifadə islamın ilk illərində yaranmışdı. Missionerliklə yayılan xristianlıqdan fərqli olaraq islam qılınc gücünə yayılır. Buna "islam fəthi", "cihad savaşı" kimi müqəddəs adlar verilsə də, ərəblərin Azərbaycana gəlişi bizim üçün işğal idi.
Bir sıra müəlliflər, o cümlədən Fazil Mustafa dəfələrlə vurğulayıblar ki, Babəkin, Şah İsmayıl Xətainin müsbət tarixi şəxsiyyət kimi təqdim olunması sovet ideologiyasına lazım idi. F.Mustafa bunu verilişdə də təkrar etdi. Amma özü məsələyə münasibətdə stalinçi sovet tarixşünaslığının təsirində olduğunu göstərdi. Aydınca göründü ki, "intellektual" adlanan millət vəkilinin son dövrün tarixi araşdırmalarından xəbəri yoxdu. O, artıq rədd edilmiş stalinçi "Türklər Azərbaycana və Anadoluya 11-ci əsrdə Orta Asiyadan gəlmədir" konsepsiyasından kənara çıxa bilmədi. Hətta Sovet dövrünün tarix kitablarından belə türklərin eramızın 5-ci əsrindən bu bölgədə mövcud olduğu təsdiq olunurdu. Tarix elmləri doktoru Yusif Yusifovun əsasını qoyduğu, Firudin Ağasıoğlu, Bəxtiyar Tuncay və digər tarixçilərin müdafiə etdiyi Urmu nəzəriyyəsinə görə, türklər Orta Asiyadan gəlmə deyil. Urmu gölü sahilində təşəkkül tapıblar və Orta Asiya, Ön Asiyaya, Qafqaza oradan yayılıblar. Türklər qədimdən Dərbənddə" Kəngər körfəzinə, Anadoluya qədər ərazinin köklü sakinləri olublar. Ancaq bu tarixi həqiqəti bölgəni türksüzləşdirmək, türkləri köçəri, vəhşi tayfalar kimi tanıtmaq istəyən Stalin rejimi inkar edirdi. O cümlədən, Atatürk dövründə yazılmış tarix də stalinçi konsepsiyaya uyğun idi. Fazil Mustafa Azərbaycan və türk tarixinə yeni baxışdan, yeni konsepsiyadan xəbərsiz olduğunu göstərdi, özü də bilmədən rus və erməni tarixçilərinin fikirlərini təbliğ etdi.
Bununla belə verilişdə Babək haqqında söylənilən müsbət fikirlərin də bəzisi şirşitmədir. "Babək Azərbaycan adlı dövlət qurmuşdu" çox ciddi iddiadır və elmi cəhətdən sübut olunmalıdır. Bir yazıçı bu iddiada buluna bilər, ancaq tarixçi yox.
Fazil Mustafanın "Biz Babəkin yox, Mötəsimin dəyərlərini daşıyırıq" fikri də doğru deyil. Biz islamdan öncəsi inanclarımızı, (oda, daş və ağac pirlərinə) inancımızı saxlayır, Novruzu bayram keçiririksə, qadın azadlığımı saxlamışıqsa, deməli Babəkin dəyərlərini də yaşadırıq.
Sonda, Babək Azərbaycanın qəhrəmandırmı? Bəli, Babək Azərbaycan adlı torpağı, onun insanlarının namusunu yadellidən qoruyurdusa, o qəhrəmandır! Bu gün torpağı işğal altında olan bir xalq, dövlət olaraq muzdur döyüşçü Afşinin deyil, əyyaş Mötəsimin deyil, Babəkin amallarının təbliği lazımdır.
Elman Cəfərli