Gözündə tük var

                                      (novella)

Salam, çox dəyərli "Qəribə dünya" TV-nin izləyiciləri, "Onun həyat yolu" proqramının daimi qonaqları! Hamınızı xoş gördük! Vaxtı çox uzatmadan ilk qonağımıza yaxınlaşıram:

- Fağır müəllim, salam! İlk öncə nəzərinizə çatdırım ki,  canlı yayımdayıq. "Qəribə dünya" TV-nin  milyonlarla izləyicisi bizi bu qəribə dünyanın internet olan bütün nöqtələrindən izləyir. Bilirik ki, siz fizika-riyaziyyat elmləri doktoru, professorsunuz və bir də indiki, sizi bütün dünyaya tanıdan, məşhurlaşdıran fəaliyyətiniz var. Özünüzü bizim çoxmilyonlu  izləyicilərimizə  necə təqdim edərdiniz? Buyurun, zəhmət olmasa.

- Əvvala, "ilk" də, "öncə" də eyni şeydi. Bu iki sözdən birini işlətsəniz daha yaxşı olar. Fəaliyyətimizə gəlincə, deməlini dediniz. Təkrara yol vermək istəmirəm. Düşünürəm ki, "Gözündə tük var" kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyev kimi  təqdim etsəniz daha məqsədəuyğun olar. Buyurun.

- Bəli, çox dəyərli, izləyicilər, gördüyünüz kimi qonağımız  "Gözündə tük var" kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyevdi və o tək deyil. Bu barədə bir az sonra. İndi isə qısa bir ara: Reklamlar. ... Bəli, qısa fasiləmiz bitdi. Söhbətimizi qaldığımız yerdən davam edirik. Buyurun, Hacı - icazənizə sizə kəsədən belə müraciət edəcəm - davam edin. Zəhmət olmasa, maraqlı, nümunəvi və eyni zamanda ibrətamiz həyat yolunuz barədə "Onun həyat yolu" proqramının izləyicilərinə danışın.

- Deməli belə, universiteti bitirən ildən öz ixtisasım üzrə institutda əmək fəaliyyətimə başladım. Nə qədər ki, subay idim, tələbə yataqxanasında qalırdım. Elə ki, ailə həyatı qurdum, köçdük ailəlilər üçün olan yataqxanaya. Doxsanlarda vəziyyət çətinləşəndə həyat yoldaşım  məni iki qızımla həmin o yataqxana otağında atıb getdi Türkiyəyə. Onu təqsirləndirmək istəmirəm. Bəlkə də zamanında özü üçün düzgün qərar vermişdi. Onu qınamıram, axı həmin vaxt orada da elm-təhsil işçilərinə böyük təlabat var idi. Yataqxanamız da çox şəraitsiz idi. İndi oranı söküb, yerində yeni bina tikiblər. Yasamalda yerləşirdi. Adına "Elçibəyin binası" deyirdilər. Mən uşaqları böyütdüm, oxutdum. Hal-hazırda Almaniyada yaşayırlar. Təqaüdə çıxana qədər elə o yataqxanada subay-salıq yaşadım. İlk gündən təqaüdə çıxana kimi bütün əmək fəaliyyətim dövründə yalnız bir müəssisədə çalışmışam. Elə həmin institutda işləyən dövrdə də indiki fəaliyyətimlə bir xobbi kimi məşğul idim. İş deyəndə, əslində elə bir iş də yox idi. Bütün gün kabinetlərdə oturub vaxt öldürməklə məşğul idik. Yəqin ki, sizin də bu adətdən xəbəriniz var? Adamın gözündə tük olanda, kirpiyi üzünə, gözünün altına düşəndə bunu görən digər şəxslər  ailədə, kollektivdə gözündə tük olan adama ürəyində bir arzu tut deyib, tükün hansı gözdə olmasını soruşurlar. Bununla da arzunun çin çıxacağına, niyətin hasil olacağına inanırlar. Bizimkilər, mənim iş yoldaşlarım uzun illər bu adəti öz bildikləri kimi interpretasiya edərək arzunu özləri tutub, tükün mənim hansı gözümdə olduğunu soruşurdular. Mən də həmişə  düz tapırdım. Və ən asası onların arzuları həyata keçir, niyətləri hasil olurdu. İlk vaxtlarda birlikdə çayla içməyə alınan şokoladla və akademiyanın bufetindəki kiçik qonaqlıqlarla  başlayan iş, sonda maşın, ev, ofis kimi təşəkkür hədiyyələrinə qədər  inkişaf edərək böyüdü. İndi mənə xaricdə adalar hədiyyə edirlər. Sözüm onda deyil. Təqaüdə təzə çıxmışdım. İnstitutumuza 30-35 yaşında yeni gözəl, hər şeyi yerində ağıllı-kamallı bir xanım labarant təyin olunmuşdu. Məharətimdən xəbərdar olan kimi o da ürəyində arzu tutub mənim masama yaxınlaşdı. Hamı kimi o da məndən soruşdu ki, tük hansı gözümə düşüb? Mən əlimi qaldırıb tük olan gözümün üstünə qoymaqla, bu xanım sevinclə necə ucadan qışıraraq, atlanıb düşdüsə, otağımızda hamı "nə oldu" deyə-deyə bir-birinə qarışdı. Nə başınızı ağrıdım, otaqda əməlli-başlı həngamə qopdu. Sən demə, elə bu dəmdə   akademiyanın prezidenti və müavinlər, institutumuzun direktoru ilə birlikdə təasadüfən bizim otağın qarşısından keçirmişlər. Elə həmin məqamda bütün deleqasiya tam heyətlə girdi içəri və heyrətlə bir xeyli bizi təpədən dırnağa süzərək, çıxıb getdilər. Otağı hamıdın sonra tərk edən institutumuzun direktoru mənim masama yaxınlaşıb, elə bircə kəlmə dedi ki, ikiniz də gedin ərizənizi yazın. Biz də getdik ərizəmizi yazdıq. Öz xahişimizlə işdən çıxdıq. Mən heç, pis-yaxşı yataqxanada bir otağım, az-çox dövlətimizn gücünə görə öz aliminə verə biləcəyi ən yüksək təqaüdüm var idi. Xanım isə, tək-tənha və bütün bunların hamısından məhrum idi. İşdən çıxdığına görə kirayə pulunu da ödəyə bilməyəckdi. İlk məvacibini belə almamış mənə görə, daha doğrusu mənim tükümə görə öz işindən olmuşdu. Necə deyərlər yazığın karyera yoluna tir düşmüşdü. Daha doğrusu, tir yox, tük. Özü də mənim tüküm.  Xanıma təklif etdim ki, özünə yeni iş tapana qədər mənimlə birlikdə yaşasın. Xanım razılaşdı. Və növbəti həftəsonu köçdü mənim yanıma. Uşaqlar da böyüyüb məni tərk etdiyinə görə neçə vaxt idi susuz dəyirmanı xatırladan o bir otağım saraya dönmüşdü. İndi bu balaca otaqda həyat eşqi qaynayırdı. Bir-birimizi hələ yaxşı tanımadığımıza görə danışmağa çox sözümüz var idi. Həm də söhbətimiz tuturdu. Hansı mövzudan söz düşsə, yorulub əldən düşənə qədər söhbət edirdik. Beləcə bir həftənin tamamına gəlib çatdıq. İkimiz də halımızdan məmnun idik. İşdən çıxmaq heç vecimizə də deyildi. Ancaq, bir məsələ var idi ki, getdikcə ciddiləşir və düz bir həftənin tamamında pik həddə çatmışdı. Bu bir həftə ərzində xeyli sayda niyyəti gözündə, arzusu ürəyində  qalan dost-tanış hər gün ardı-arası kəsilmədən fasiləsiz olaraq bizə zəng edirdi. Artıq mobil telefonlarımızın nömrəsini dəyişmək barədə belə düşünürdük. Yaxşı ki, belə tələsik qərar verməmişik. İnsanlarda belə hallar olur axı, qapı açılır özün örtüb,  kip-kip  bağlayırsan, ruzi pəncərədən girmək istəyir, aman vermirsən, bacadan gəlir oranı da basdırırsan. Hə, yaxşı ki, bizdə belə olmadı. Necə deyərlər, "bir tərəfdən bağlayan, bir tərəfdən açar" məsəli bizim üçün düz çıxdı. Birlikdə olduğumuz birinci həftənin sonu idi. İnstitutda bizim iş otağına hər gün baş çəkməyə vərdiş eləmiş institutumuzun direktorunun sürücüsü zəng elədi ki, bəs sabah istirahət gününə heç nə planlaşdırmayın sizi gəlib bir yerə aparacam. Biz də razılaşdıq. Zatən  elə bir planımız da yox idi. Danışdığımız kimi ilk istirahət günümüz səhər saat 10:00 sürücü həmin o yataqxananın yanından, bildiniz də hansı binanı deyirəm, buradan bir az yuxarı,  o qaçqınlar qalan yataqxanalar var ha, bax oradan, "Kaktus" restoranının düz qabağından bizi götürdü və apardı indi həm yaşayıb, həm işlədiyimiz "Gənclik"də "Milyonerlər məhəlləsi" adlanan yerdə olan "osabnyaka"...

- "Xüsusi mülk"ə, çox-çox üzr istəyirəm işlətdiyimiz söz və ifadələrə diqqət edək.

-Bəli, bəli. Olsun elə. Siz deyən kimi.  Bu obyekt  bizim institumuzun direktorunun sürücüsünün öz halal zəhməti ilə qurub yaratdığı bütün Azərbaycan üzrə səpələnmiş sayı-hesabı məlum olmayan istirahət guşələrindən biri idi. Elə həmin obyektin açarını verdi bizə, sənədləri də keçirdi bir həftənin içində təsis etdiyimiz "Gözündə tük var" kooperasiyasının adına və bura oldu bizim həm rəsmi iş yerimiz, həm də evimiz.

- Nə gözəl. Nə yaxşı ki, Azərbaycanımızın belə xeyirxah, mərd oğulları var. Hacı, bəs sürücü bu xeyirxahlığı nəyin müqabilində etdi?

- A zalım, xeyirxahlığın müqabili olur? Adı üstündə xeyirxahlıq. Varlığa nə darlıq? Var idi bağışladı də. Bir də ürəyi istədiyi vaxt  növbədənkənar  rahat gəlib-gedə biləcəyi bir ünvan oldu. Bunun nəyi pisdir? Biz yataqxanada yaşasaq indiki fəaliyyətimiz heç cür mümkün olmazdı axı... Hə, onu deyirdim axı, girdik "villa"nın, - üzr istəyirəm, -  "xüsusi mülk"ün həyətinə arxamızca da bir avtobus institutumuzun işçiləri, dost-tanış ... İş demək olar ki, öz-özündən yarandı. Xanım məcbur oldu ki, girişdəki masada əyləşib, gələnləri bir-bir buraxsın...

- Üzr istəyirəm. Bəlkə xanımı da izləyicilərimizə təqdim edəsiniz. Məncə tam zamanıdır.

- Bərəkət xanım! Bərəkət xanım, mənim qoruyucu mələyim, həm xanımım, həm köməkçim, başımın tacıdır. Şirkəti, əmlakı, bütün digər işləri sənədləşdirən  zaman rəsmi olaraq nigaha da girdik. İndi hərtərəfli xoşbəxt və halımızdan məmnunuq.

- Bəs, heç soruşmadınız ki, xanımın bütün bu hadisələrin baş verməsinə səbəb olan arzusu nə imiş?

- Xeyr! Düzü hadisələr elə sürətlə baş verdi və sonralar da hər gün yeni mövzular... Heç bu barədə soruşmaq ağlıma belə gəlməyib. İstəyirsiniz indi bu barədə özündən soruşaq.

- Şok, şok, şok! İndi uzun illər sirr kimi qalan bir məsələnin üstü "Qəribə dünya" TV-nin izləyicilərinə məlum olacaq. Paylaşın, paylaşın ki, qoy digər bixəbərlərin də bu məsələdən xəbəri olsun!

Salam, Bərəkət xanım! Nəzərinizə çatdırım ki, biz canlı yayımdayıq. İndi bütün dünya bizə baxır. Həmin günü, o məlum hadisə baş verən vaxt, siz ilk dəfə institutda iş otağında Fağır müəllimə, - üzür istəyirəm, - Hacı Fağır Naxırçıyevə yaxınlaşıb, "tük hansı gözünüzə düşüb?" sualını verəndə ürəyinizdə hansı arzunu tutmuşdunuz? Zəhmət olmasa. Çox dəyərli  "Onun həyat yolu" proqramının daimi izləyiciləri, diqqətiniz bizdə olsun, indi çox vacib, bir məlumat olacaq. Uzun illər sirr kimi qalmış bir olayın üstü açılacaq!

- Olar ki, bu məsələ elə belə də sirr olaraq qalsın?

- Xeyr! Xeyr! Siz nə danışırsınız? Elə iş olmaz! Deyin! Bərəkət xanım, çox xahiş edirik, izləyicilərimizi intizarda qoymayaq. O nə arzu idi ki, belə bütün həyatı kökündən dəyişdi.

- Yaxşı deyəcəm.

- Ura! Diqqət! İndi çox vacib bir məsələdən xəbərdar olacağıq! Buyurun Bərəkət xanım!

- Hacını ilk gördüyüm gündən, - düzdü, onda hələ hacı deyildi, -  onun alicənablığına, səmimiliyinə, insanlığına vurulmuşdum. Savadı, ziyalılığı da öz yerində. Subay olduğunu və tək yaşadığını bildikdən sonra isə sözün əsl mənasında istəyirdim onu... Həmin gün də tam olaraq arzum belə idi: "Ey böyük Allahım, bu kişi mənim olsun!"

- Eşq olsun! Nə gözəl, nə gözəl! Demək xəyyallarınız gerçək oldu?

- Bəli! Özü də bir göz qırpımında.

- Doğrudan, Fağır müəllim! Üzr istəyirəm dəyərli, çox hörmətli Hacı, gözdən söz düşmüşkən, bəs necə olur ki, siz həmişə tükün hansı gözünüzdə olduğunu düz tapırsınız?

- Əşi, bu tük lap yeniyetməlik vaxtından sol  gözümün altında bitib, həmişə də ordadır.

12 dekabr 2025, Bakı.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31