Dərdimizin göynərtisi misralarda…
18:40 ƏdəbiyyatTəranə Dəmir yaradıcılığından bir məlhəm...
Hər bir insan ömür yolunda müxtəlif məhrumiyyətlərlə, ağrı və acılarla qarşılaşır. Bu təcrübələr ayrı-ayrılıqda fərqli görünsə də, ümumiləşdirəndə hamısının təməlində eyni mənzərəni sezirik. Sanki bütün bunlar, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin adından tez-tez qarşıma çıxan bir fikrin təsdiqi kimidir. Dudayev deyirdi:
"Əgər indiki ataların qorxaqlığını "ehtiyatlılıq" adlandırırlarsa, elə bir zaman gələcək ki, uşaqların köləliyini də "sadiqlik"adlandıracaqlar."
Yazıya bu qədər uzaqdan başlamağımın xüsusi bir səbəbi var: bizim tərbiyə metodlarımızda kök salmış gerilik anlayışının, ədəbiyyatımızda - xüsusilə şairlərimizin yaradıcılığında - necə əks olunduğundan bəhs etmək niyyətindəyəm.
Çünki yuxarıda qeyd etdiyim kimi, fərd olaraq yaşadığımız hər bir ağrını ümumiləşdirib poetik çalarlarla oxucusuna çatdırmaq əsil ziyalılıq və istedad tələb edir.
Hələ XX əsrin əvvəlində Mirzə Ələkbər Sabir yazırdı ki, "Qeyrətimiz bəlli bütün millətə", amma ardınca sərt bir həqiqəti də üzümüzə vururdu:
Dindirir əsr bizi - dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz...
Sabirin bu fəryadından sonra dayanıb düşündükcə anlayırsan ki, üzərimizə çökmüş gerilik yalnız bir əsrə aid deyil; bu gün də başqa adlarla, başqa biçimlərlə qayıdıb bizi tapır. Nə qədər zaman keçsə də, dəyişən yalnız görünüşdür, mahiyyət isə eyni qalır: aldadılmağın, yalan ümidlərlə yaşamağın nəsillərdən-nəsillərə ötürülməsi.
Elə buna görədir ki, ötən gün çağdaş ədəbiyyatmızın öncül şairindən biri olan Təranə Dəmirin "ALDATDI BİZİ" şeirini oxuduqca misralar məni eyni sızıltı ilə göynətdi:
Balım, şəkərim dedilər,
Noğullar aldatdı bizi.
Göydən üç alma düşmədi,
Nağıllar aldatdı bizi.
Uşaqlıqdan dilimizə hopdurulan "balım, şəkərim" kimi nəvazişli sözlər, nağılların bəzəkli axarı bizi reallığın sərtliyindən uzaqlaşdırır. Şair burada çox sadə görünən bir həqiqəti açır: bizə həqiqət yox, gözəlləşdirilmiş təskinlik öyrədilib. Bu təskinlik isə illər sonra aldanışa çevrilir.
Düşdük fələyin dalınca,
Suyun, çörəyin dalınca,
Ac qaldıq, çapdıq qılınca,
Cığırlar aldatdı bizi.
Bu misralarda Sabirin "əsr bizi dindirir - dinməyiriz" gileyinin davamını görürük. Hərəkət var, mübarizə var, çarpışma var - lakin istiqamət yenə səhvdir. Cığırların aldadıcı olması, əslində, bizə yön verənlərin, bizi yetişdirənlərin, tərbiyə edənlərin yol göstərməkdə yanılması deməkdir. Hərəkət etmək kifayət deyil; doğru istiqaməti görmək lazımdır.
Dərədən, təpədən keçdik,
Dənizdən, ləpədən keçdik,
Neçə cür zirvədən keçdik,
Çuxurlar aldatdı bizi.
Tarixin bütün sınaqlarından keçən bir xalqın yenə də eyni çuxurlarda ilişib qalması təsadüfi deyil. Burada şair çox incə bir məqamı göstərir: biz çox zaman görünən təhlükələrdən qorunmuşuq, amma görünməyənlərə hazırlıqsız olmuşuq. Bu da tərbiyənin nəticəsidir - bizə qəhrəmanlıq öyrədilib, amma ayıqlıq yox; dözüm öyrədilib, amma düşünmək yox.
Yalanlara arxalandıq,
Bar verdikcə uralandıq,
Medal-medal qaralandıq,
Uğurlar aldatdı bizi.
Burada isə cəmiyyətin yanlış dəyərlər sistemi açılır. Həqiqətin əvəzinə görüntüyə inanmağımız, mahiyyətin yerinə medalı üstün tutmağımız - bunların hamısı uşaqlıqdan formalaşan tərbiyənin nəticəsidir. Görünənin arxasında boşluq olanda uğur belə aldatmacaya çevrilir.
Ürək qaldı, gözə qaçdıq,
Sükut qaldı, səsə qaçdıq,
Sevgidən həvəsə qaçdıq,
Sığallar aldatdı bizi.
Ən ağrılı sonluq budur: dəyər dəyişməsi. Ürəyi qoyub gözə qaçmaq - daxili mahiyyəti qoyub zahirə sarılmaq - bu gün tərbiyənin ən böyük itkisidir. Sükutu, dərinliyi, düşüncəni itirib səsliliyin, görüntünün, ötəri həvəsin arxasınca qaçmaq - bu, yalnız cəmiyyətin deyil, fərdin də taleyini alt-üst edir.
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.