Sətir-sətir yaşanmış bir ömürdən 70 kəlmə söz...
24 Noyabr 11:32 ƏdəbiyyatZüleyxa Nadir
Zaman o zaman idi ki, qəzetlər çox nüfuzlu, jurnalistlər hədsiz dərəcədə hörmətli idilər. Balaca rayon qəzetindən tutmuş Moskvada dərc olunan mərkəzi mətbuata kimi hər kəsin evində, hətta süfrəsinin başında yer alırdı. Yazı müəllifləri adbaad tanınırdı, müxbirlər seçilirdi, mətbuat işçiləri diqqət mərkəzində olurdu. Fəhlə və kolxozçu da, ziyalı da, məktəbli də qəzet oxuyurdu...
Mən də qəzetləri hərisliklə oxuyanlardan idim. Orta məktəb şagirdi olsam da gündəlik mətbuatı izləyirdim. Günlərin bir günü "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Çərkəz qızı Tellinin nağılı" adlı yazı diqqətimi cəlb etdi. Öncə ona görə ki, yazının qəhrəmanı Telli bizim qohumumuz idi. İkinci faktor isə müəllifin tovuzlu olması idi, üstəlik də imza sahibi onuncu, ya da doqquzuncu sinifdə oxuyurdu, unutmuşam - Şəmsiyyə Kərimova. Hər kəs öz dərsi, öz qayğısı ilə məşğul ikən, o, artıq "Çərkəz qızı Tellinin nağılı" ilə zamanın yaddaşına düşmüşdü. Məqaləni birnəfəsə oxudum, müəllifin adı isə yaddaşıma birdəfəlik yazıldı, heç bir zaman pozulmadı. Pozulmadı ona görə ki, məhz həmin məqalə və müəllif jurnalistikaya doğru uzanan yolumdakı tərəddüdlü addımlarımı möhkəmləndirdi və qəti qərar qəbul etməyimə stimul verdi: "mən də jurnalist olacam, "Azərbaycan gəncləri" qəzetində mənim də yazılarım çap olunacaq"!..
Və təbii ki, jurnalist yolumda illər öncə mayak rolunu oynamış "Çərkəz qızı Tellinin nağılı"nı mənə oxudan elqızım Şəmsiyyə xanım həmin qərarımdan lap bu yaxınlarda xəbər tutdu. Çünki mən onu qiyabi tanıdım, uzaqdan-uzağa izlədim, yaxından görmədim. Bir dəfə də olsun oturub söhbət etmədik, dərdləşmədik, yaradıcılıq məsələlərini müzakirə etmədik. Şəxsi tanışlığımızın isə bəlkə də 10-15 yaşı olar. Amma bu 10-15 ildə ona elə bağlandım ki, artıq ayrılmağım mümkün deyil. Və mən yalnız son zamanlarda öyrəndim onun həyat hekayəsini. Sən demə o, "Çərkəz qızı Tellinin nağılı"nı yazanda özü üçün də ayrıca bir nağıl dünyası qurubmuş. Ali məktəbə imtahan vermək əvəzinə daha romantik bir yola üz tutub. O yol sürücü-mexaniklik kursunun sinif otaqlarından başlasa da, qəlbindəki "ağ qızıl" arzusu elə parlaq idi ki, başqa istiqamətə yön almaq fikri yox idi. Çünki sürücü-mexanik olub, tonlarla pambıq yığmaq arzusu onun üçün gerçək qızıldan da qiymətli idi. Amma hər yolun da bir bitən yeri var...
İki il Bərdənin Əyricə kəndində özünün qurduğu romantik dünyası ilə baş-başa, xəyallarıyla səssiz söhbətlər içində keçir. Çox keçmir ki, Bakıya dönərək başqa bir romantik dünyanın - jurnalistikanın cazibəsinə düşür və bir daha ondan ayrılmır. Azərbaycan radiosu, Jurnalist Sənətkarlığı İnstitutu, "Azərbaycan gəncləri" qəzeti, Azərbaycan Dövlət Universiteti, "İki sahil" qəzeti və nəhayət "Yeni təfəkkür" qəzeti Şəmsiyyə xanımın jurnalist ömrünün nağıl dünyasının "sakinləri"dir. Onun bu dünyadakı yaşantılarını nə mən yaza bilərəm, nə də bir başqası. Sadəcə onu deyə bilərəm ki, burada indiyə kimi nəyi görüb, nələrdən keçib, nələrə nail olub... hamısı onun qəlbindənki SÖZlərin işığında süzgəcdən keçib. "Əməkdar jurnalist" adı isə həmin dünyanın ən parlaq və halal qazancıdır...
İndi biz oturub saatlarla dərdləşirik, düyünə düşmüş hər hansı bir problemimizi çözmək üçün yollar axtarırıq, bir-birimizdən gizlin sirrimiz yoxdu. Bütün bunları onun "Azərbaycan" Nəşriyyatının ikinci mərtəbəsindəki otağında "həyata keçiririk". Hər gün nahar fasiləsində mən onun yanına düşürəm, birlikdə yemək yeyirik, çay içirik. Və o bir saatda bir dünya söhbət etməyə fürsət tapırıq, bəzən də "bacın olsün, ay bacı, qoymadılar söhbətimizi bitirək" durumuna düşürük (elə buradaca bir təbəssüm işarəsinə ehtiyac var). Amma nə etməli, mən dördüncü mərtəbəyə qalxmalıyam, yarım qalmış yazımı bitirməliyəm. Məlum: "Azərbaycan" qəzeti nazımla oynamaz, həftədə 6 dəfə, A2 formatda 12, 14, 18, 20, bəzən 24 səhifə çıxan qəzetin müxbiri bu lüksdən məhrumdur...
Hər günün ortasında - saat 13-14 arasında Şəmsiyyənin otağında qurulan süfrəmizdə təkcə yemək olmur, onun içindən həm də bizə aid olan bir dünya boylanır. Dərdimizi masaya səririk, sevincimizi meyvələrdə dilimləyir, çay stəkanında paylaşırıq. Həyatın ucundan tutub birlikdə çəkirik, ağır da olsa, yüngül də... Bəzən də elə içdən, elə ürəkdən gülürük ki, bəlkə də səsimiz nəşriyyatın mərtəbələrinə yayılır, baxmayaraq ki, hər ikimizin gülüşündə bir kədər yükü var. Elə buradaca xüsusi vurğulayım ki, bizim şaqraq gülüşlərimiz əslində kədərimizin fəhləsidir. Həmin "fəhlə" imkan verir ki, qəm-qüssəmizi gizlədək, kimsəyə "satmayaq", sevincimizi isə havayı paylayaq, nikbin ruhumuzu öldürməyək. Yəqin məhz bunlardır bizi bir-birimizə bağlayan. Elə indicə bu sətirləri yazarkən düşündüm ki, görəsən, bu qədər il boyunca jurnalist taleyimdə cığır açan, iz salan Şəmsiyyə ilə ayrı düşdüyümüz illərdə bircə dəfə oturub çay içsəydik, nələr danışardıq? O qədər yazı yazdım, zarisovka, məqalə, reportaj hazırladım, amma "Çərkəz qızı Tellinin nağılı" kimi bir ruhun işığında formalaşdığımı ona bir dəfə də olsun demədim. Bu günə qismətmiş...
Allah rəhmət etsin Ramiz Hümmətova, bizi yaxından o tanış edib. Ramizlə eyni məktəbdə oxumuşuq, məndən bir il sonra orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsindən məzun olub. Amma nədənsə onu mətbuat, nəşriyyat işi daha çox cəlb etmişdi. "Azərbaycan" Nəşriyyatının dördüncü mərtəbəsində otağı var idi. Xeyli sayda qəzeti, jurnalı çapa hazırlayırdı. Bir dəfə otağına gedərkən Şəmsiyyəni orda gördüm. Və Ramiz bizi ilk dəfə canlı olaraq bir-birimizə təqdim etdi. Mən zatən tanıyırdım, amma Şəmsiyyə xanımın məni tanıdığını bilmirdim, indi də bilmirəm. Heç ağlıma da gəlməyib ki, soruşum, baxmayaraq ki, bir neçə dəfə ilk tanışlığımızı xatırlamışıq. Və hər dəfə anlamışam ki, bu gecikmiş tanışlıq, ola bilsin öz içimdə illərlə daşıdığım yükü yüngülləşdirib. Bəlkə də "hər şey vaxtında gözəldir" deyəcəksiniz, amma mən deyərdim ki, bəzi görüşlərin gec də olsa baş tutması bir nemətdir, hikmətdir...
Onun çox böyük ürəyi var. Bu ürəkdə insanlıq və yaxşılıq yaşayır. Bu ürəkdə mərhəmət, şəfqət və anlayış bir araya gəlib. Bu ürəkdə susqunluqlar danışar, sevgilər səssiz səslənər. Bu ürəkdə fırtınalar yatır, günəşlər doğur, baharlar çiçək açır. Bu ürəkdə hər kəsə yer var, amma mənə verdiyi yer ən qiymətlisidir (Və mən əminəm ki, o, bu cümləyə etiraz etməyəcək, əksinə, oxuyanda üzünə təbəssüm qonacaq, necə ki, mən özüm bu fikri təbəssümlə yazıram). Bütün bunlarla yanaşı o ürəkdəki dayanmayan ağrı, sükuta bürünmüş kədər belə bu xanımın ətrafda nikbin ab-hava yaratmasına mane olmur. Desəm ki, o, susaraq "danışır", tam doğru olmaz. Təbii ki, bəzən susqunluğunun da şahidi olmuşam. Amma ətrafındakılara sirayət etməsin deyə o, bu halını hər zaman məharətlə gizlədir. Hər kəsin gülüşünə səbəb olan zarafatlarının da arxasında gizlənmiş bir haray var. Hər "yaxşıyam" cavabının içində bir "amma" yatır. Çünki o, öz kədərini yük kimi deyil, bir hekayə kimi daşıyır. Səssizliyi ilə "qışqırır", gülümsəməsi ilə təsəlli verir. Onun varlığı güclü bir təsəllidir əzizləri, doğmaları və ətrafındakı digər yaxınları, dostları, tanışları üçün. Bəlkə də çoxları onun bu səssiz mübarizəsindən xəbərsizdir, amma onun ürəyi danışır - hər halıyla, hər baxışıyla, hər toxunuşuyla...
Bir dəfə evindəki divar kağızında diqqətimi çəkən balaca əl izini görüb soruşdum ki, bu, nədir? Soruşmaz olaydım. İri gözləri doldu, baxışlarına və üzünə ürək dağlayan bulud çökdü. Altı yaşında dünyadan köç etmiş oğlunun əlinin izi olduğunu pıçıldadı... Sən demə bu dünya bir mələyini itiribmiş. Hələ oyuncaqlarına doyunca toxunmamış, arzularını sözə çevirməyə imkan tapmamış bir uşaq ruhu səmaya uçubmuş - səssizcə, iz qoyaraq. Və Şəmsiyyə xanım ana qəlbindəki övlad həsrətinin ağrısını körpə mələyinin vaxtilə divar kağızına hopmuş əl izləri ilə ovudurmuş. İndi də divar kağızlarını dəyişməyə əli gəlmir: "Necə dəyişim, orda Kamranın izi var...". Hər il usanmadan, yorulmadan balasının dünyaya gəldiyi və dünyadan uçduğu gün Tovuza gedir, qəbrini ziyarət edir. Çünki onun içində heç vaxt heç nə ilə dolmayacaq bir boşluq var. O, bu boşluğu oğlunun məzarına etdiyi ziyarətlərlə və adı, xatirəsi, qoxusu, gülüşü, barmaq izləri ilə doldurmağa çalışır...
Şəmsiyyə olduqca canıyanan, xeyirxah məsləhətini kimsədən əsirgəməyən, doğru-düzgün yol göstərən xanımdır. Ona güvənmək, etibar etmək, sirrini paylaşmaq, dərdini danışmaq insana rahatlıq verir. Elə buna görə də kimsəyə demədiyim sirrimi belə onunla paylaşıram. Hansısa problemin həllində ona ağız açdığım zamanlar da olub. Bəzən sakit tonda, çox gözəl cümlələrlə mənə məsləhət verib. Bəzən də səsini qaldırıb, ərklə üstümə qışqırıb. Mən isə dinməmişəm, sakitcə gülümsəmişəm. Çünki o hündür səsin arxasındakı xoş məramı görməyəcək qədər kor deyiləm...
Şəmsiyyə ailəsinin sarsılmaz dayağı, sanki görünməz ip kimi hər kəsi bir-birinə bağlayan qüvvədir. O, ailədə rəsmi olaraq "ağsaqqal" adlanmasa da, düyünə düşmüş bir işi çözmək üçün öncə onu axtarırlar. Bacılarının hər dərdi ona tanışdı. Bəzən danışılan, bəzən heç dilə gətirilməyən, amma baxışlardan, sükutlardan hiss edilən o incə ağrılar da ona yad deyil. Uşaqlar, nəvələr, gəlinlər, kürəkənlər bilirlər ki, problemini, dərdini Şəmsiyyəyə demək onu öz içində saxlamaqdan daha yüngüldür. Kimisində borc dərdi var, kimisində ailə mübahisəsi, o birisinin içində illərlə daşıdığı sükut... Amma Şəmsiyyənin yanında bunların heç biri utanılacaq, gizlədiləcək deyil. O, dinləməyi bacarır, sözə də, sükuta da qulaq kəsilir - təzyiq göstərmədən, hökm etmədən, sadəcə anlayaraq, düşünür-daşınır, ölçür-biçir, yollar axtarır. Çünki onun üçün hər problem çözüləcək bir düyün, hər bacı və övladları itirilməyəcək bir dəyərdir. Mənim tanıdığım Şəmsiyyə beləcə... illərdi ailəsinin sevincini də, kədərini də çiyinlərində daşıyır. Bakı-Tovuz yolunu demək olar ki, "su yoluna" döndərib...
Vaxtilə "Çərkəz qızı Tellinin nağılı"nı yazan jurnalist rəfiqəm indi ömrünün kamillik nağılını yazır. Şəmsiyyə Kərimova bu gün 70 yaşın kamilliyində özü bir nağıl qəhrəmanına çevrilib - düşünən, duyan, yaşayan və yaşadan bir jurnalist kimi. Ömrünün kamillik dövründə belə sözə, insana verdiyi dəyərlə cəmiyyətin yaddaşında iz qoymağa davam edir. İllərin təcrübəsini və ədəbi duyumunu "Yeni təfəkkür"ün oxucuları ilə paylaşır. "Şəmsiyyənin kitabı" isə onun jurnalist ömrünün yaşantılarını sözə çevirən yazıların toplusudur. Kitabda qələminin yaddaşına hopan insanlar, hadisələr sözlərdə və sətirlərdə can tapır. Şəmsiyyə Musa qızı təkcə gördüklərini yox, həm də iç dünyasında yaşatdıqlarını sözə çevirərək oxucu ilə bölüşür. İndi o, yalnız bir qələm sahibi kimi deyil, həm də neçə-neçə insanın yaddaşında yol göstərən bir həyat dərsi olaraq yaşayır. Çəkinmədən deyirəm ki, mənim rəfiqəm yaşlanmayıb, sadəcə böyüyüb - sözdə, sevgidə, düşüncədə. Qəlbi hələ də məktəbli qızın ilk yazısındakı kimi təmiz və dürüstdür. Qələmi hələ də "Tellinin nağılı"nı danışacaq qədər incədir...
Bu gün o, ömür pillələrinin 70-cisini arxada qoyub, 71-ciyə qədəm qoyur. Bu 70 içində ana nəfəsi, sevda səsi, qələm izi olan qadın hekayəsi var. Təbii ki, 70 yaş sıradan bir rəqəm deyil. 70 yaş sözə sədaqət, qələmlə qurulan həyat və vicdanla yazılmış 70 illik nağılın zirvəsidir. 70 yaş bir ömrün bütöv hekayəsidir - yarpaqları saralmış, lakin tökülməyən bir ağac kimi. 70 yaş dünyanın dörd mövsümünü bir qəlbdə daşıyan zaman pəncərəsidir. 70 yaş ilahi təqvimin 7-ci onluğunda bərqərardır. Hər onluq bir sirr, bir dərs, bir duadır. Bu yaşda insan artıq susur. Çünki sözlər yuxarıdan gəlir. 70 yaş uşaqlığın qoxusu hələ də unudulmayan, gəncliyin küləyi hələ də saçlarda dolaşan, könlün güzgüsündə hələ də itirilmiş yolların izi qalan bir zaman körpüsüdür. 70 yaş hər səhifəsi yaşanmış, hər sətri dolu, heç biri silinməmiş ömür kitabıdır...
Bu ömür kitabının səhifələrini mənim jurnalist rəfiqəm illərlə yazıb və bu gün 70-ci səhifəsində - həyatının ən müdrik yerində dayanıb həm keçmişə boylanır, həm gələcəyə işıq tutur.
İşığın gur yansın, canım-gözüm!..
