Fəxri Müslümün ardından…

(içsəs)

Bir şair daha susdu... Bir qələm yıxıldı... bir dəftər yarımçıq qaldı... Şair-alimin 77 yaşı olsa da, elə bir ömür də yarımçıq qaldı, ömür də... - Xalq yazıçısı ANARın sözüylə desək, şairlər nə zaman ölsə vaxtsız ölüm, cavan ölüm sayılır... Fəxr ediləsi Ürəyi, müslümanə ədaləti, vəfadarlığı vardı Fəxri Müslümün - həmişə də var olacaq - çün, yaxşılar getsə də, yaxşılıq qalır... Odur ki şair susdu deyərkən, əslində, o səsin sükutu da danışır demiş sayılır... - o, yenə danışır - yaddaşımızda, zamanın dərin könlündə...

Fəxri Müslüm (Fəxri Müslüm oğlu Quliyev; 10.04.1948 - 16.06.2025)! - o, dağlar döşündən (Gədəbəyin Şınıx elindən, Düz Rəsulludan) dəniz qıyısına (Bakıya) oxumağa gəlmiş, elə o gələn də, dağların vüqarını da, özləmini də özüylə yüksək təhsil ocağına, yeni qonşuluqlara, yeni işə, bir sözlə, altun qumlu Abşeron torpağının energetikası ilə harmoniyaya gətirmişdi... Dağlaroğulluğu ilə paytaxt sakinliyi qəribə bir dəngədəydi onun halında... - qalstuku, rəsmi geyim-keçimi, elmi dərəcəsi, pedaqoqluğu və bank sektorunda çalışdığı rəhbər görəvlər - paytaxt sakinliyi ilə birgə, rəsmiyyət, protokol səciyyəsi yaradırdısa, epos təfəkkürlü bədii yaradıcılığı, şairliyi, hətta özünəxas ləngərli danışığını, toylarda ağırtaxtalı oyununu izləyən təbəssümü konkret Şınıx havasındaydı... - 

"Yaylağın şahıdı yaylım günəşi,
Kölgəni topuğna dəstələr bir az.
Yamac təbəssümlü gəlin kimidi,
Könlümün eşqini bəstələr, bir az".

Bəzən bir insan getdikdə, yoxluğundan çox varlığı bizi düşündürür. Necə deyərlər, onun varlığı, elə yoxluğu haqqında da danışmağa səbəb verir. Fəxri Müslüm gedəndə, geridə təkcə boş yer qalmadı - geridə xoş xatirələr, kitablar və güvənlilik qaldı.

Fəxri Müslümün gedişi bir ömrün bitməsi olmaqla bitmir, ona xas bir səviyyənin, dağlardöşü-dəniz qıyısı ruhi-mənəvi dəngəsini təcəssüm etdirən bir mədəniyyət örnəyinin səhnədən çəkilməsi kimidir. Onun düşüncəsində millət vardı, mədəniyyət vardı, dərin köklər, geniş üfüqlər vardı. - 
"Turana qılıcdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" - Cavidanə poetik düstur Fəxri Müslümün tam könlünə görəydi və diləzbəriydi.

"Yaddaş üzə çıxar Sibirdən belə,
Anıt daşlarımdan, qəbirdən belə...
Yovşana tutulub ömürdən belə,
Yenidən təzə-tər izimi saldı".

O gün "Vida" adlı mərasim evində "yeddi"sindəydik; İntiqam Yaşara da dedim - bir anlığına mənə elə gəldi, özü hardasa buralarda bir yerdədi, indi gəlib hal-əhval tutacaq... Sonra o bir anlıq duyğu çəkilib haralarasa getdi, onun yerini divardan asılmış şəklindən oxuduqlarım tutdu... O şəkil illər öncənin şəkliydi, qəzet-dərgi, sayt - haralarda-haralarda dəfələrlə yayınlanmışdı və gözəzbərimiz sayılır... Və budur, "Vida"da ruhani masasının arxasındakı, üstü ayəli kiçik xalçanın üzərindən asılıb - ordan ən yaxşı şəkil asılır və ömürlük ayrılığı simvolizə edir... Fəxri Müslüm bir daha bu dünyaya baxmayacaq,  dostları, həmkarlarıyla həmsöhbət olmayacaq, onunçün xarakterik olan qonaqlıqlar təşkil etməyəcək, şeir yazmayacaq, zəng etməyəcək, fikir bölüşməyəcək və s...
Biz indi onun yoxluğuna deyil, varlığının qədir-qiymətinə yas saxlayırıq...

"Bulud yana durar, qürub başlayar,
Dərdimi içimə sərib, başlayar,
Hər nə var, qədərim dərib başlayar -
Şaman ocağından tüstülər, bir az"...

Gələnəksəl ricət çıxmasın, onun ardından danışmaq həm çətindir həm asan... Çətindir - çünki o, özü bu cür halları sözlərlə təskin etməyə alışmamışdı - səmimiyyətlə, fikir adamı kimi davranardı. İndi isə biz onun haqqında danışaraq susuruq. Sözlərimizin arasında bir nəfəs dayanır: onun yoxluğu... Asandır - çünki nəinki ziyansız, üstəgəl xeyirxah insanıydı, bəlkə bəzi kiçikçaplı yaramazlara sadəlöhv görünürdü - əslində, sadəydi, sadəlöhv deyildi... Yəni onun haqqında yaxşı, xoş xatirələr danışdığımızçün çətinlik çəkmirik, könülxoşluğuyla dərdləşirik...
Fəxri Müslümün ardından danışmaq - sanki bir güzgüyə baxıb, orada çatlamış bir işıq izini izləmək kimidir. Görünür... amma bütöv deyil. Çünki o, öz zamanına bütöv idi, öz sözüylə bütöv idi...

"Könül türküsünü tutub yaşadıq,
Qayıdıb yaşadıq, itib, yaşadıq;
Yeddiqat boy üstə bitib yaşadıq,
Hələ də, sonluğu, yozumu qaldı"... 

Yeri ucmaq olsun!
Ocağı sönməsin!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31