Rusiyanın bölgədə dominantlıq arzusu: “3+3” formatı yenidən gündəmdə- ÖZƏL
14:18 DünyaRusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Cənubi Qafqazda kommunikasiyaların, o cümlədən Ermənistanın Azərbaycan və Türkiyə ilə, eləcə də Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiya ilə sərhədlərinin açılmasının "3+3" platforması üçün zəruri olduğunu bildirib. Lakin ekspertlər Gürcüstanın suveren ərazilərinin "sərhəd" kimi qələmə verilməsi fonunda bu formatı fiksiya hesab edir və təcrid olunmuş Rusiya ilə İranın iddialarının reallığı əks etdirmədiyini vurğulayırlar. Hazırda regionda Zəngəzur və Orta dəhliz layihələri çərçivəsində daha aktiv olan "2+1+1" modeli (Azərbaycan, Ermənistan, Türkiyə və ABŞ) fəaliyyət göstərir və Kremlin köhnə formatı dirçəltmək cəhdləri iflasa uğrayır.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Qaluzinin bu açıqlamaları Rusiyanın Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək məqsədilə ortaya atdığı fikirlər kimi görünür. Nəzərə alsaq ki, bu bəyanat Ermənistandakı seçkilərdən əvvəlki dövrə təsadüf edirdi, bununla Qaluzin göstərməyə çalışırdı ki, Rusiya Cənubi Qafqazdakı proseslərə sadəcə seyirci deyil və burada dominant güc rolunu davam etdirmək niyyətindədir. Amma şərtlər dəyişib. Ermənistandakı seçkilərin nəticələri də Rusiyanı məmnun edən nəticələr olmadı. Hazırkı mərhələdə 3+3 formatının bölgə üçün çox da faydalı olacağını düşünmürəm. Çünki bu format beş il yarım əvvəl Azərbaycan və Türkiyə tərəfindən təklif olunmuşdu və həmin dövr üçün kifayət qədər effektiv platforma kimi qəbul edilirdi. Təəssüf ki, o zaman regionun bir çox ölkələri buna laqeyd yanaşdı və nəticədə format işlək mexanizmə çevrilə bilmədi.
Hazırda isə onun yenidən işlək formata çevrilməsi üçün lazımi şərtlərin yetişdiyini düşünmürəm. Nəzərə alsaq ki, regionun əsas problemi Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə idi və bu münaqişə artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə faktiki olaraq sona çatıb, eyni zamanda tərəflər sülh müqaviləsinin mətnini razılaşdıraraq paraflama mərhələsinə yaxınlaşıblar.
Ötən ilin avqustunda keçirilən görüşdən sonra bölgədə proseslər daha sürətlə inkişaf etməyə başlayıb. Hazırda region ölkələri ilə yanaşı, Ermənistan üzərindən ABŞ və Avropa İttifaqı da bölgədə öz təsirlərini artırmağa çalışırlar. Burada ABŞ-nin proseslərdə iştirakı, eləcə də Türkiyənin kommunikasiyaların açılması və sülhün bərqərar olunmasına verdiyi dəstək mühüm amillərdir.
Bu baxımdan düşünmürəm ki, 3+3 formatı hazırkı şəraitdə uğurlu variant sayıla bilər. Məncə, bu təşəbbüsün arxasında duran əsas məqsəd Rusiyanın bölgədə yenidən öz nüfuzunu gücləndirmək istəyidir. Lakin şərtlər artıq dəyişib. Ona görə də hazırda Rusiya tərəfindən səsləndirilən bu təkliflərin rasional və praktik əsaslara söykəndiyini düşünmürəm".
Zeynəb Mustafazadə