Blokadanı yarmağa çalışan mülki gəmilərə güc tətbiq oluna bilər – ABŞ generalı
17:08 DünyaABŞ Silahlı Qüvvələri İranla bağlı tətbiq edilən dəniz blokadasını yarmağa çalışan mülki gəmilərə qarşı güc tətbiq etməyə hazır olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Pentaqon rəhbəri Pit Heqsetlə birgə verdiyi mətbuat konfransında bildirib.
"Blokadanı yarmağa cəhd edəcək istənilən gəmi dənizçilərimiz tərəfindən əvvəlcədən planlaşdırılmış taktiki tədbirlərin tətbiqi ilə qarşılaşacaq. Bu tədbirlər həmin gəmiyə qarşı güc tətbiqini, zərurət yaranarsa isə gəminin göyərtəsinə çıxaraq onu ələ keçirməyi nəzərdə tutur. Bu, xəbərdarlıq atəşləri və digər addımlar da daxil olmaqla gücün mərhələli şəkildə artırılmasını əhatə edəcək", - deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.