Risk primi artır: Yaxın Şərq böhranı enerji bazarlarını necə dəyişir?- ÖZƏL
13:43 Dünya"Yaxın Şərqdə gərginliyin artması adətən qlobal enerji bazarlarında ilk növbədə qeyri-müəyyənlik yaradır. Bu region dünya neft və qaz ehtiyatlarının böyük hissəsini təmin etdiyi üçün hər hansı münaqişə və ya risk təchizatın pozula biləcəyi ehtimalını artırır. Nəticədə bazarda "risk primi" formalaşır və neft qiymətləri qısamüddətli dövrdə yüksələ bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Xüsusilə Hörmüz boğazı kimi strateji marşrutlarda təhlükə yaranarsa, bu artım daha kəskin ola bilər. Eyni zamanda enerji idxal edən ölkələr üçün xərclər artır, inflyasiya təzyiqləri güclənir və qlobal iqtisadi artım zəifləyə bilər. Əgər gərginlik uzunmüddətli xarakter alarsa, alternativ təchizat mənbələrinə yönəlmə və enerji bazarlarında struktur dəyişikliklər də baş verə bilər.
Azərbaycan üçün bu cür geosiyasi risklərin təsiri iki istiqamətdə özünü göstərir. Bir tərəfdən neft və qaz ixrac edən ölkə kimi qiymətlərin artması dövlət büdcəsinə daxilolmaları yüksəldə bilər, xüsusilə Dövlət Neft Fondu və vergi gəlirləri artar. Bu, qısamüddətli dövrdə maliyyə sabitliyini gücləndirə və əlavə fiskal imkanlar yarada bilər. Digər tərəfdən isə qiymətlərin kəskin və qeyri-sabit dəyişməsi uzunmüddətli planlaşdırmanı çətinləşdirir. Əgər qlobal iqtisadiyyat zəifləyərsə, enerji tələbi də azalar və bu, gələcəkdə gəlirlərin aşağı düşməsi riskini yaradar.
Bundan əlavə, regionda geosiyasi risklərin artması investorların risk iştahasını azalda bilər. Bu isə Azərbaycana yönələn xarici investisiyalara, xüsusilə qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərə bilər. Eyni zamanda ticarət marşrutları və logistika zəncirlərində mümkün pozuntular ölkənin ixrac və tranzit potensialına da təsir edə bilər. Ona görə də belə vəziyyətlərdə iqtisadi sabitliyin qorunması üçün ehtiyat fondlarının gücləndirilməsi, büdcə xərclərinin balanslı idarə olunması və iqtisadiyyatın şaxələndirilməsi daha da vacib olur".
Zeynəb Mustafazadə