Yaxın Şərq böhranı Aİ rəhbərliyində fikir ayrılığı yaradıb- ÖZƏL

Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi Avropa İttifaqının ali rəhbərliyində yeni gərginliyə səbəb olub. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası sədri Ursula fon der Leyen ilə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında səlahiyyət bölgüsü və mövqe koordinasiyası ilə bağlı fikir ayrılıqları yaranıb.
Nəşrin yazdığına görə, fon der Leyen və onun komissarlar komandası Kallasın mövqeyini nəzərə almamaqda ittiham olunur. Adı açıqlanmayan avropalı məmurlardan biri bildirib ki, bu, yeni hal deyil. Digər mənbənin sözlərinə görə, Yaxın Şərqdə münaqişənin başladığı həftəsonu tərəflər arasında birbaşa ünsiyyət də olmayıb. Mənbə iddia edir ki, vahid mövqe formalaşdırmaq əvəzinə, Brüsseldə əsas müzakirə mövzusu "kimin çıxış etməli olduğu və bunun hansı hüquqi əsasla baş verməli olduğu" olub.
Ənənəvi olaraq beynəlxalq münasibətlər üzrə koordinasiya Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən həyata keçirilir. Lakin nəşr qeyd edir ki, dəyişən geosiyasi reallıqlar Aİ daxilində institusional balansı da təsir altına alır. Bu kontekstdə Avropa Komissiyası sədri və digər komissarların xarici siyasətdə rolu artmaqdadır. Fon der Leyen ikinci səlahiyyət müddətinin əvvəlində Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üzrə Baş Direktorluğun yaradılmasını təşəbbüs edib. Brüsseldə bu addım bəzi dairələr tərəfindən Avropa Xarici Fəaliyyət Xidmətinin təsir imkanlarını zəiflətmək cəhdi kimi qiymətləndirilir.
Beləliklə, Yaxın Şərqdəki böhran təkcə regionda deyil, həm də Avropa İttifaqının daxilində institusional münasibətlərdə yeni gərginlik xətti formalaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31