"Hörmüz boğazı sadəcə regional deyil, qlobal sabitlik məsələsidir"-Akif Nəsirli ÖZƏL

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının Hörmüz boğazında tədarük riskləri yaratması nəticəsində Avropada qazın qiyməti 20% artaraq 470 dollara yüksəlib. Hərbi əməliyyatlar uzanacağı təqdirdə qiymətlərin daha da yüksələcəyi proqnozlaşdırılır.
İranın Hörmüz boğazını bağlamaq ehtimalı qlobal enerji təhlükəsizliyi üçün "qırmızı xətt" sayıla bilərmi? İran-ABŞ gərginliyi iqtisadi baxımdan hansı fəsadlara səbəb ola bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib: 
" İranın Hörmüz boğazını bağlaması ehtimalı qlobal enerji təhlükəsizliyi baxımından həqiqətən də "qırmızı xətt" hesab oluna bilər. Çünki Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş qaz daşımalarının əhəmiyyətli hissəsinin keçdiyi strateji marşrutdur. Bu boğaz vasitəsilə Yaxın Şərq ölkələrinin ixrac etdiyi enerji resursları Asiya və Avropa bazarlarına çatdırılır. Boğazın bağlanması və ya burada hərbi risklərin artması təchizatın kəskin azalmasına, nəqliyyat sığorta xərclərinin yüksəlməsinə və nəticədə enerji qiymətlərinin sürətlə bahalaşmasına səbəb ola bilər.
ABŞ və İsrail ilə İran arasında gərginliyin artması təkcə enerji bazarlarına deyil, ümumilikdə qlobal iqtisadiyyata təsir göstərə bilər. İlk növbədə neft və qazın qiymətinin yüksəlməsi inflyasiyanı artırar. Enerji bir çox istehsal və nəqliyyat sahələrinin əsas xərci olduğuna görə bahalaşma ərzaqdan sənaye mallarına qədər geniş qiymət artımına səbəb ola bilər. Bu isə xüsusilə enerji idxalından asılı olan ölkələrdə iqtisadi artımın zəifləməsi və sosial narazılıqlar riskini yüksəldər.
Digər tərəfdən, maliyyə bazarlarında qeyri-müəyyənlik artar, investorlar daha təhlükəsiz aktivlərə yönələr, fond bazarlarında dalğalanma güclənər. Regionda hərbi əməliyyatların uzanması beynəlxalq ticarət marşrutlarını risk altına salar və logistika xərclərini artırar. Bu proses qlobal təchizat zəncirində yeni gecikmələr yarada və artıq həssas olan dünya iqtisadiyyatında əlavə təzyiq formalaşdıra bilər.
Beləliklə, Hörmüz boğazının bağlanması ehtimalı sadəcə regional məsələ deyil, qlobal enerji və iqtisadi sabitlik üçün ciddi strateji risk kimi qiymətləndirilir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31