Paşinyan niyə başsağlığı vermədi... – AÇIQLAMA

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyandan İranda baş verən hadisələr fonunda hökumət başçısının niyə hələ də qonşu dövlətə başsağlığı vermədiyini soruşublar.

Musavat.com bildirir ki, erməni nazir bu sahə ilə tanış olmadığını deyib. Ona görə də şərh verə bilməz. "Mən Təhlükəsizlik Şurasının üzvü deyiləm, mütəxəssis də deyiləm", - deyə o qeyd edib.

ABŞ ilə münasibətlərin Paşinyanı buna məcbur edib-etmədiyi soruşulduqda, Qalyan deyib ki, İran dost dövlət olaraq qalmaqda davam edir, bir sıra sahələrdə əməkdaşlıq davam edir.

Xatırladaq ki, martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib.

"Ermənistan heç vaxt İrana qarşı addım üçün tramplin olmayacağına zəmanət verdi". Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqulami deyib.

O əlavə edib ki, Ermənistanla İran arasında qarşılıqlı etimad mövcuddur:

"Biz bu məsələyə görə ("Tramp yolu" ilə bağlı - red.) Ermənistan rəhbərliyi ilə daim əlaqə saxlayırıq. Bu yolun məqsədi imkanlar yaratmaq və sülhü dəstəkləməkdirsə, deməli, biz bununla razıyıq. ABŞ-ın İrana qarşı düşmən münasibətini nəzərə alsaq, narahatlıqlarımız var idi və onları erməni həmkarlarımızla konstruktiv şəkildə müzakirə etdik".

Yada salaq ki, fevralın 26-da İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırıb. Pezeşkian həmçinin qeyd edib ki, İran qonşu ölkələrlə, xüsusilə də Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə və dərinləşdirməyə hazırdır. O, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin tamamlanmasına hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31