Türk Hava Yolları şirkəti İran və Yaxın Şərq ölkələrinə hava reyslərini ləğv edib

İran və İsrail arasında alovlanan eskalasiyalar nəticəsində münaqişənin Körfəz ölkələrinə yayılması fonunda Türk Hava Yolları bəzi beynəlxalq hava reyslərini ləğv edib.

Olaylar.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

THY-nin Kommunikasiya üzrə rəhbəri Yahya Üstün 10 ölkəyə planlaşdırılan uçuşların dayandırıldığını açıqlayıb.

Məlumata görə, THY Livan, Suriya, İraq, İran və İordaniyaya reysləri 2026-cı il 2 mart tarixinədək ləğv edib. Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omana uçuşlar isə 2026-cı il 28 fevral tarixində həyata keçirilməyəcək.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31