Əbu-Dabi və Dubay şəhərlərinə ballistik raketlər atılıb - ölən var
14:30 Dünyaİran və İsrail arasında meydana gələn eskalasiyalar fonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərində İrandan atılan bir neçə ballistik raket zərərsizləşdirilib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hava hücumlarından müdafiə sistemi tərəfindən zərərsizləşdirilən raketlərdən birinin qalıqları yaşayış məntəqəsinə düşərək bir nəfərin həyatına son qoyub. Həmin şəxsi Asiya ölkələrindən birindən olduğu deyilir.
Bu arada BƏƏ Müdafiə Nazirliyi ballistik raket hücumları ilə bağlı rəsmi bəyanat verib:
"Hədəfə alınmağımız milli suverenliyin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. BƏƏ bu eskalasiyaya cavab vermək və öz ərazisini, vətəndaşlarını və sakinlərini qorumaq, həmçinin suverenliyini, təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu tam şəkildə özündə saxlayır".
Qeyd edək ki, raketlərin atıldığı hər iki şəhərdə ABŞ hərbi bazaları yerləşir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.