BMT Təhlükəsizlik Şurası İrana hücumların dayandırılması üçün iclas keçirməlidir – Bəqai

BMT Təhlükəsizlik Şurası İsrail və ABŞ-nin İrana hərbi hava hücumlarının dayandırılması üçün təcili iclas keçirməlidir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri var-gücləri ilə ölkəni müdafiə edəcək. Bu savaş İrana tətbiq olunan savaşdır.

"Beynəlxalq ictimaiyyət İrana hərbi hücumlara reaksiya vermədiyi halda bütün beynəlxalq qurumların sonunun başlanğıcı olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31