İran Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edib

İran Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarını hazırkı şəraiti nəzərə almaqla soyuqqanlılığı və sakitliyi qorumaqla yanaşı şəhərlərarası və şəhərdaxili hərəkətlərdə ehtiyatlı olmağa və səfərləri nəzarətdə saxlamağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, İrana İsrail və ABŞ-nin hərbi hava hücumları nəzərə alınaraq ölkənin bütün vilayətlərinin valilərinə göstəriş verilib ki, vilayətlərin ehtiyacları tam şəkildə, dərhal təmin olunmalı və vətəndaşların ehtiyacları dərhal aradan qaldırılmalıdır.

Açıqlamada İran vətəndaşlarına yalnız rəsmi mənbələrin məlumatlarına etibar etmələri və şayilərə inanmamaları istənilib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31