Böyük Britaniyanın sanksiyalarına Tbilisidən etiraz: Maka Boçorişvili Londona sual ünvanladı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Böyük Britaniyanın Gürcüstanın "İmedi" və POSTV telekanallarına qarşı tətbiq etdiyi sanksiyaların Rusiyanı zəiflətmək məqsədinə xidmət etmədiyini bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Gürcüstandakı səfiri Gareth Ward ilə görüşdə rəsmi Tbilisi qərarın əsaslandırılması üçün təqdim edilən məlumatların doğruluğu ilə bağlı sual qaldırıb. Nazir səfirə paytaxta təqdim olunan və qərarın əsasını təşkil edən məlumatların məqsədini soruşduğunu qeyd edib.

Boçorişvili vurğulayıb ki, Gürcüstana təzyiq göstərilməsi fonunda Böyük Britaniyada qeydiyyatdan keçmiş bəzi şirkətlərin Rusiya ilə ticarət əlaqələri barədə mediada yayılan araşdırmalar suallar doğurur. O, Gürcüstanın milli maraqlarının əsas prioritetinin ölkədə sülh və sabitliyin qorunması olduğunu deyib.

Nazir əlavə edib ki, rəsmi Tbilisi Britaniya tərəfi ilə diplomatik kanallar vasitəsilə əlaqələri davam etdirəcək və mümkün nəticələrə dair konkret addımları gözləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31