Ermənistan naziri açıqladı: Bakı və İrəvan arasında yüz milyonlarla dollarlıq ticarət başlayır
17:07 DünyaAzərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atıldığı bir vaxtda, iki ölkə arasında birbaşa iqtisadi əlaqələrin bərpası ilə bağlı şok detallar üzə çıxıb.
Musavat.com xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan Bakı və İrəvanın ticarət dövriyyəsi üçün konkret siyahılar üzərində işlədiyini bəyan edib.
Papoyan erməni mediasına verdiyi açıqlamada tərəflər arasında rəsmi sənəd mübadiləsinin baş tutduğunu təsdiqləyib: "Azərbaycan bizə Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib. Biz də öz növbəmizdə onlara öz siyahımızı təqdim etmişik. Ticarət mütləq olacaq. Mən əminəm ki, ikitərəfli ticarətin yüz milyonlarla dollar həcmində potensialı var".
Hələlik rəsmi siyahılarda hansı məhsulların yer aldığı tam açıqlanmasa da, ekspertlər söhbətin ilk növbədə enerji resursları (təbii qaz), tikinti materialları, kənd təsərrüfatı məhsulları və kimya sənayesi mallarından getdiyini ehtimal edirlər. Ermənistan tərəfi isə Azərbaycana əsasən ərzaq məhsulları, alkoqollu içkilər və emal sənayesi malları təklif edə bilər.
Nazirin sözlərinə görə, bu ticarət əlaqələri bölgədə kommunikasiyaların açılması və "Sülh kəsişməsi" layihəsinin tərkib hissəsidir. Azərbaycanın Ermənistan bazarına birbaşa çıxışı həm də üçüncü ölkələrdən (Gürcüstan və ya İran vasitəsilə) gələn malların maya dəyərinin aşağı düşməsinə və regionda iqtisadi asılılığın müsbət mənada artmasına xidmət edəcək.
Analitiklər hesab edirlər ki, iqtisadi maraqların siyasi ambisiyaları üstələməsi Cənubi Qafqazda uzunmüddətli sülhün ən mühüm qarantıdır. Lakin bu ticarətin başlaması üçün ilk növbədə hüquqi bazanın (Sülh müqaviləsinin) tam formalaşması və gömrük-keçid məntəqələrinin işinin tənzimlənməsi şərtdir.