Tehran və İrəvan arasında hərbi əməkdaşlıq: İran generalından xəbərdarlıq dolu bəyanat – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Abdolrəhim Musavi Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşüb. Görüş zamanı regiondakı təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlıq və geosiyasi dəyişikliklər müzakirə olunub.

General Musavi İran və Ermənistanı dərin tarixi köklərə malik qonşular adlandıraraq, hərbi əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib. O, regiondan kənar dövlətlərin bölgədəki varlığını kəskin tənqid edib: "Regional dövlətlərin əməkdaşlığı təhlükəsizliyin qarantıdır. Regiondan kənar güclərin bura müdaxiləsi dövlətlərin maraqlarına ziddir və qeyri-sabitlik mənbəyidir".

Musavinin sözlərinə görə, dünya artıq birtərəfli nizamdan uzaqlaşır və ABŞ bu dəyişikliyi qəbul etmək istəməsə də, proses qaçılmazdır.

İranlı komandan 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibəyə toxunaraq maraqlı mesajlar verib. O bildirib ki, İran heç vaxt müharibə tərəfdarı olmayıb, lakin ABŞ-nin hərəkətləri Tehranın yanaşmasını dəyişib: "Düşmən 2025-ci ildə İran Silahlı Qüvvələri qarşısında geri çəkilməyə və atəşkəs istəməyə məcbur oldu. Əgər eyni səhv təkrarlanarsa, İran düşmənə bərpaolunmaz və daha ağır zərbələr endirəcək".

Görüşdə Azərbaycan və Ermənistan arasındakı sülh prosesi də gündəmə gəlib. General Musavi İranın sülh prosesindən səmimi şəkildə məmnun olduğunu ifadə edib.

Suren Papikyan isə öz növbəsində qeyd edib ki, Ermənistan regionda sülhün tərəfdarıdır və İranla ortaq sərhədlərin toxunulmazlığı İrəvan üçün həyati əhəmiyyət kəsb edir.

Tərəflər hərbi-texniki sahədə, eləcə də kadr hazırlığı istiqamətində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31