Marukyan: Ermənistan işğal məsələsini beynəlxalq platformalarda qaldırmır – ÖZƏL
13:09 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda "İşıqlı Ermənistan" partiyasının sədri, sabiq xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan sosial şəbəkə hesabında Avropa İttifaqının mövqeyini tənqid edib.
O bildirib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mümkün Ukrayna sülh sazişi çərçivəsində Rusiyaya dair tələbləri əks etdirən sənəd hazırlandığını açıqlayıb. Kallas qeyd edib ki, Rusiya işğal etdiyi bütün ərazilərdən qoşunlarını çıxarmalıdır və bu, uzunmüddətli sülh üçün əsas şərtdir.
Marukyan sual edib ki, niyə Aİ rəsmiləri oxşar hallarda Azərbaycanın guya Ermənistanın suveren ərazilərini işğal etdiyini gündəmə gətirmirlər. Onun sözlərinə görə, bunun səbəbi Ermənistan hakimiyyətinin bu məsələni beynəlxalq platformalarda qaldırmaması və tərəfdaşlara iki ölkə arasında problem olmadığı görüntüsünün verilməsidir.
Siyasətçi iddia edib ki, reallıqda Ermənistan-Azərbaycan münasibətlərində rəsmi İrəvan davamlı şəkildə geri addımlar atır.