"Koalisiya" etiraf etdi: Ukraynaya sülhməramlı göndərmək üçün Putinin "hə" deməsi şərtdir

Ukraynada atəşkəs rejimini təmin etmək üçün yaradılan və Britaniya ilə Fransanın liderlik etdiyi "istəklilər koalisiyası" (Coalition of the Willing) ciddi diplomatik maneə ilə üzləşib.

Musavat.com xəbər verir ki, "The Telegraph" nəşrinin hərbi və diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Ukrayna ərazisində istənilən qərb sülhməramlı qüvvələrinin yerləşdirilməsi üçün Rusiya Prezidenti Vladimir Putinin razılığı qaçılmazdır.

Diplomatik mənbələr bildirir ki, sülhməramlıların yerləşdirilməsi planı faktiki olaraq Kremlin iradəsindən asılı vəziyyətə düşüb. "Rusiya bu təhlükəsizlik zəmanətlərinə, xüsusən də xarici qoşunların quruda yerləşdirilməsinə razılıq verməlidir. Əks halda, bu qüvvələr dərhal hədəfə çevriləcək", - deyə mənbə vurğulayıb. Bu isə o deməkdir ki, Avropa hökumətləri faktiki olaraq Putinə bu məsələdə "veto" hüququ tanımış olurlar.

London və Paris tərəfindən irəli sürülən plan atəşkəs əldə olunacağı təqdirdə Ukrayna torpaqlarında Avropa ölkələrinin hərbi kontingentinin yerləşdirilməsini nəzərdə tutur. Lakin hərbi ekspertlər xəbərdarlıq edirlər ki, Rusiya bu addımı "intervensiya" kimi qiymətləndirərək planı sabotaj edə bilər. Kreml artıq bəyan edib ki, istənilən xarici hərbi mövcudluq Rusiya Silahlı Qüvvələri üçün "qanuni hədəf" sayılacaq.

Hazırda 30-dan çox ölkənin daxil olduğu "koalisiya" Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlasa da, Moskvanın iştirakı olmadan bu mexanizmin işləməyəcəyi etiraf edilir. Bu durum qərb paytaxtlarında ciddi müzakirələrə yol açıb: Sülhməramlılar Ukraynanı qorumalıdır, yoxsa sadəcə Moskvanın icazə verdiyi çərçivədə fəaliyyət göstərməlidir?

Ekspertlərin fikrincə, bu asılılıq Ukraynanın gələcək sülh danışıqlarında əlini zəiflədə bilər, çünki istənilən təhlükəsizlik formatı Kremlin razılığından keçməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31