Şalva Papuaşvili: “Gürcüstandan sanksiya və eskalasiya tələb olunmayıb demək – siyasi riyakarlıqdır” – ÖZƏL
25 Fevral 10:28 DünyaOlaylar.az xəbər verir ki, Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinskinin açıqlamasına sərt reaksiya verib. O bildirib ki, səhər saatlarında Gürcüstandan "ikinci cəbhə" açmağın tələb olunmadığını demək, günortadan sonra isə Tbilisinin Rusiya ilə eskalasiyaya getməməsinə görə məyusluq ifadə etmək siyasi riyakarlıqdır.
Papuaşvilinin sözlərinə görə, Aİ Rusiyaya qarşı birbaşa uçuşları dayandırıb, ticarəti azaldıb və ciddi iqtisadi itkilər bahasına sanksiyalar tətbiq edib. Bu fonda isə Gürcüstanın Rusiya ilə ticarət əlaqələrinin artması Brüsselin tənqidinə səbəb olur.
Spiker vurğulayıb ki, Gürcüstanın bu prosesi məhdudlaşdırmasının yeganə yolu Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etmək olardı ki, bu da ölkə iqtisadiyyatı və vətəndaşlar üçün ağır nəticələr doğurardı. Onun fikrincə, Gürcüstanın mövcud şəraitində istənilən eskalasiya potensial müharibə riski yaradırdı.
Papuaşvili əlavə edib ki, ölkə faktiki olaraq işğal xətti ilə bölünüb və paytaxtdan bir neçə on kilometr məsafədə xarici dövlətin silahlı qüvvələri yerləşir. Bu səbəbdən hökumətin əsas vəzifəsi xarici siyasi gündəmi deyil, milli təhlükəsizliyi və sabitliyi qorumaqdır.
O, Brüsseldən səslənən tənqidlərin bu reallığı nəzərə almadığını bildirib və "yeni 25 fevral"a yol verilməyəcəyini vurğulayıb.