Rusiya üçün acı tablo: bayraq dəyişənlər 3 dəfə çox medal qazandı

Milanda keçirilən Qış Olimpiya Oyunlarında Rusiya ilə əlaqəli, lakin başqa ölkələrin bayrağı altında çıxış edən idmançılar neytral statusla yarışan Rusiya komandasından üç dəfə çox medal qazanıblar.

Musavat.com xəbər verir ki, vətəndaşlığını dəyişmiş keçmiş rusiyalı atletlər yarışlarda bir gümüş və iki bürünc medal əldə ediblər.

Bu göstərici İtaliyada neytral bayraq altında çıxış edən Rusiya komandasının nəticəsindən üç dəfə yüksəkdir.

Yarışlardan əvvəl "Sports.ru" portalı Olimpiadada Rusiya ilə bu və ya digər formada bağlı 60 idmançının iştirak etdiyini hesablamışdı.

Rusiya adından neytral statusda 13 idmançı çıxış edib. Komandanın yeganə medalını 23 yaşlı Nikita Filippov qazanıb - o, xizək alpinizmi növündə gümüş medal əldə edib.

2023-cü ildə Polşa vətəndaşlığı alan 22 yaşlı sürət konkisürəni Vladimir Semirunnıy isə 10 min metr məsafədə gümüş medal qazanıb. O, Rusiya yığmasının beynəlxalq yarışlardan kənarlaşdırılması səbəbindən idman karyerasını davam etdirmək üçün vətəndaşlığını dəyişdiyini bildirib.

Cüt fiqurlu konkisürmədə isə Anastasiya Metelkina (Gürcüstan) və Nikita Volodin (Almaniya) gümüş medallara sahib olublar. Volodin 2023-cü ildə idman vətəndaşlığını dəyişib.

Bundan əlavə, ABŞ yığmasının tərkibində komanda turnirində qızıl medal qazanan İlya Malinin də rusiyalı fiqurlu konkisürənlərin ailəsindəndir. Onun valideynləri - Tatyana Malinina və Roman Skornyakov - ABŞ-yə köçmüş keçmiş rusiyalı idmançılardır.

Rusiyanın idman naziri Mixail Deqtyaryov isə beynəlxalq yarışlarda iştirak etmək üçün vətəndaşlığını dəyişən idmançıların fəxri adlardan məhrum edilməli və onların ölkəyə girişinə qadağa qoyulmalı olduğunu bildirib. Nazir bu addımları "xəyanət" adlandırıb.

Qeyd olunur ki, bu Olimpiya Oyunları Rusiya yığması üçün son illərin ən uğursuz nəticələrindən biri olub - komanda Qış Olimpiadasında ilk dəfə iki qızıl medaldan az nəticə göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31