Yaxın saatlarda bəlli olacaq – Sülh, yoxsa hərbi əməliyyat...

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin artan beynəlxalq təzyiqlər və hərbi ritorika fonunda geri çəkilməyəcəyini bəyan edib.

"Bilmək maraqlıdır, niyə biz kapitulyasiya etmirik? Çünki biz iranlıyıq", - deyə Əraqçi vurğulayıb.

Bu, İran tərəfinin qorxmağından irəli gələn bəyanatdır, yoxsa Tehran həqiqətən sona qədər döyüşməyə hazırdır?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat-com-a bildirib ki, İran xarici işlər nazirinin və mühafizəkar qanad təmsilçilərinin verdiyi hədə bəyanatlarının kökündə həm qorxu, həm də çarəsizlik var:

"Ona görə qorxu var ki, ABŞ-nin bölgəyə hansı hərbi güc yeritdiyini görürlər. Bundan əvvəl ötən ilin iyununda zərbələrin nə qədər ağır olduğunu da hiss edib. Bu dəfə ABŞ həftələrlə davam edəcək hərbi əməliyyatlara hazırlaşır. O səbəbdən İran rəsmiləri təbiidir ki, çəkinirlər. Ancaq eyni zamanda bir çarəsizlik də var. Çünki ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etmək qeyri-mümkündür. Əgər əvvəllər yalnız nüvə proqramı ətrafında müzakirələr gedirdisə, indi ballistik raketlərlə bağlı proqramın da müzakirəsini, proksi qüvvələrə yardımı dayandırmağı tələb edir, ölkədə insan hüquqları məsələsini qaldırır.

ABŞ rəsmiləri bəyan ediblər ki, fevralın 26-da danışıqlar baş tuta bilər. Lakin bunun üçün ABŞ-ni qane edən təkliflər verməlidir və bu təkliflər İranın nüvə proqramı ilə bağlı olmalıdır. Yəni burada belə bir ümid var ki, əgər İran nüvə proqramı ilə bağlı maksimum güzəştlərə getsə, məsələnin hərbi müstəvidə həllinə ehtiyac qalmayacaq.

Ümid edək ki, yaxın saatlarda təqdim olunacaq İranın nüvə proqramı ilə bağlı təklifləri ABŞ-ni qane edəcək və bölgədə hərbi əməliyyatlar keçirilməyəcək. Baxmayaraq ki, bu ehtimal çox aşağıdır. Çünki ABŞ İrana qarşı əməliyyata ilin sonunda keçiriləcək seçkilərə hazırlıq mərhələsi kimi baxır. Tələblərin qəbul olunmadığı şəraitdə İran yalnız tələblərdən birini müzakirə etməyə hazırdır".

Siyasi şərhçi hesab edir ki, ABŞ-nin hərbi əməliyyatlardan imtina etməsi respublikaçıların nüfuzuna ciddi təsir göstərə bilər:

"İranın sona qədər müqavimət göstərmək istəyinə gəldikdə, bəyanatları rəsmi şəxslər verirlər, onların da həyat şəraiti o hərbi əməliyyatların, aviazərbələrin əsas ağırlığını hiss edəcək adi insanlarla müqayisədə xeyli yaxşıdır. Baxmayaraq ki, onlar üçün də ciddi təhlükələr mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31