İran ordusunun baş komandanı: “Ölkəyə qarşı çoxşaxəli müharibə aparılır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran İslam Respublikasının Ordu Baş Komandanı general-mayor Əmir Hatəmi DAFOS AJA - Ordu Komandanlıq və Qərargah Universitetində müdafiə idarəçiliyi üzrə doktorant və magistrlərin buraxılış mərasimində çıxış edib.

O, regionda və dünyada baş verən dəyişiklikləri nəzərə alaraq bildirib ki, hazırkı şəraitdə İran ordusunun məsuliyyəti həlledici xarakter daşıyır. Hatəminin sözlərinə görə, düşmən düzgün qərarların qəbuluna mane olmaq üçün çoxşaxəli səylər göstərir və bu, qeyri-müəyyənlik yaradır.

Komandan vurğulayıb ki, müasir müharibələr əvvəlkilərlə müqayisədə daha mürəkkəbdir və artıq siyasi, iqtisadi, sosial, hərbi, psixoloji və koqnitiv sahələri əhatə edən vahid müharibə formatı mövcuddur. Onun sözlərinə görə, bu mübarizə təkcə dövlətə deyil, ailələrə və uşaqlara da yönəlib.

Əmir Hatəmi qeyd edib ki, düşmənə qarşı əsas cavab "müqavimət"dir və bunun təməlində qəti mövqe və düzgün, dərin şüur dayanır.

Son aylarda baş verən hadisələrə toxunan baş komandan bildirib ki, düşmən ölkədə "qismən çevriliş" cəhdi göstərsə də, yanlış hesablamalar nəticəsində uğursuzluğa düçar olub. O əlavə edib ki, İran xalqının ayıqlığı və uzaqgörənliyi daha böyük ziyanın qarşısını alıb.

Hatəmi gələcəkdə müxtəlif formalarda təxribat cəhdlərinin mümkünlüyünü istisna etməyərək vurğulayıb ki, istənilən halda düşmənə qəti, sərt və çəkindirici cavab veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31