Rusiyada işləmək çətinləşir - Miqrantlarla bağlı ŞOK QƏRAR
13:34 DünyaRusiya Maliyyə Nazirliyi vizasız rejimlə ölkəyə işləməyə gələn əcnəbilər üçün şərtləri sərtləşdirən qanun layihələri paketi hazırlayıb.Musavat.com xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.Bildirilir ki, hökumət sənədi fevralın 19-da keçiriləcək iclasda müzakirəyə çıxarmağı planlaşdırır.
Layihəyə əsasən, əmək miqrantları Rusiyada işləmək hüququ verən patentin ödənişini yalnız özləri üçün deyil, həm də yetkinlik yaşına çatmayan ailə üzvləri və himayəsində olan şəxslər üçün etməli olacaqlar. Hər bir belə şəxs üçün patent dəyərinin 50 faizi həcmində əlavə ödəniş nəzərdə tutulur.
Miqrantların övladları 18 yaşa çatdıqdan sonra ya ayrıca patent almalı, ya da ölkədə qalmaq üçün başqa qanuni əsasları yoxdursa, Rusiyanı tərk etməli olacaqlar.
Dəyişikliklərə görə, yalnız fiziki şəxslər üçün çalışan əcnəbilərin də patent üzrə avans ödənişləri etməsi məcburi olacaq.
Bundan başqa, xarici vətəndaşlar əmək fəaliyyətindən əldə etdikləri gəliri yaşadıqları region üzrə minimum yaşayış səviyyəsindən aşağı olmayacaq şəkildə bəyan etməlidirlər. Rəsmi gəliri bu tələbi ödəməyən miqrantların patentinin müddəti uzadılmayacaq.