Epşteyn işi: Fransa araşdırmalara başladı
10:56 DünyaFransa mərhum amerikalı maliyyəçi və cinsi cinayətlərə görə məhkum edilmiş Cefri Epşteynin əlaqələri ilə bağlı insan alveri və maliyyə fırıldaqları üzrə genişmiqyaslı araşdırmalara start verib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Paris prokuroru Lor Bekko Frans İnfo radiosuna açıqlamasında bildirib ki, istintaqlar Epşteynin fəaliyyəti ilə bağlı dərc olunmuş materiallar, həmçinin uşaqların müdafiəsi ilə məşğul olan qurumların şikayətləri əsasında aparılacaq. Araşdırmalardan biri insan alverinə, digəri isə çirkli pulların yuyulması, korrupsiya və vergi fırıldağı da daxil olmaqla maliyyə cinayətlərinə fokuslanacaq.
Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbsxanada intihar edib. O, 2008-ci ildə yetkinlik yaşına çatmayan qızdan fahişəlik üçün istifadə etməkdə təqsirli bilinmişdi. Onun yaxın əməkdaşı Jizlen Maksvel isə ABŞ-da illər boyu yetkinlik yaşına çatmayan qızların cinsi istismarı məqsədilə alverində iştirak etməkdə günahkar bilinib.
Prokurorluğun açıqlamasında Epşteyn ətrafında yaranan ictimai diqqətin əvvəllər müraciət etməmiş qurbanları da ortaya çıxmağa təşviq edəcəyinə ümid edildiyi bildirilib. Beş prokuror dərc olunmuş sənədləri təhlil edərək, fransız vətəndaşlarının hər hansı cinsi və ya maliyyə cinayətlərində iştirak edib-etmədiyini araşdıracaq.
Məlumata görə, Fransa hüquq-mühafizə orqanları artıq keçmiş mədəniyyət naziri Jak Lanq və onun qızı Karolinlə bağlı vergi fırıldağı şübhəsi üzrə ilkin araşdırma aparır. Həmçinin, fransız diplomat Fabris Aydanın BMT sənədlərini Epşteynə ötürməsi iddiası da daxil olmaqla daha üç iş yoxlanılır. Aydan bu ittihamı təkzib edib.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə uçuş qeydləri və elektron məktublar yer alır və Epşteynin tez-tez Parisə səfər etdiyini, Zəfər Tağı yaxınlığında lüks mənzilə sahib olduğunu göstərir. Uşaqların müdafiəsi ilə məşğul olan "Innocence en danger" təşkilatının nümayəndəsi Homayra Sellier Fransanın bu işdə xüsusi rolunun olduğunu, çünki Epşteynin ABŞ-dan kənarda mülkə sahib olduğu yeganə ölkənin Fransa olduğunu bildirib.
Qeyd olunur ki, Fransa prokurorları Epşteynin əlaqələri ilə bağlı 2019-cu ildə də istintaq açmış, lakin əsas şübhəlilərdən biri və onun uzunmüddətli tərəfdaşı Jan-Lük Brünel Fransada həbsxanada öldükdən sonra 2023-cü ildə işi bağlamışdılar. Rəsmilər hazırkı məlumatların hələ də natamam olduğunu bildirərək, aparılan işləri nəticəsinin nə olacağı bilinməyən "nəhəng iş" kimi qiymətləndiriblər.