İranlı jurnalist Xameneyinin şəkillərini cırdı
13:17 DünyaCenevrədə keçirilən İnsan Hüquqları və Demokratiya üzrə Zirvə Toplantısında siyasi mühacir həyatı yaşayan iranlı jurnalist Məsih Əlinejad kəskin etiraz jesti ilə yadda qalıb.
Musavat.com xəbər verir ki, o, tədbir zamanı İranın ali lideri Əli Xameneyi, eləcə də ölkənin keçmiş və hazırkı prezidentləri Həsən Ruhani və Məsud Pezeşkianın şəkillərini cıraraq yerə atıb.
Hadisə qısa müddətdə beynəlxalq mediada geniş yayılıb və milyonlarla insanın diqqətini cəlb edib. Əlinejadın bu addımı İran cəmiyyətində mövcud narazılığın, müxalif səslərə qarşı təzyiqlərin və demokratiya tələblərinin simvolik ifadəsi kimi qiymətləndirilib.
Jurnalistin jesti təkcə emosional etiraz deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış kimi dəyərləndirilir. O, bu hərəkətlə İran hakimiyyətinin fəallara, media nümayəndələrinə və səhiyyə işçilərinə qarşı apardığı təqiblərə vizual formada etirazını nümayiş etdirib.